“COVİD 19” testi ilə bağlı saxta tibbi arayışların verilməsinə görə cinayət işi başlandı

“COVİD 19” testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlandı.

Məlumat verildiyi kimi, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılmışdır.

Prokurorluqda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Teqlər: