COVID-19 koronavirus pandemiyası

COVID-19 koronavirus pandemiyası

Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.

Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur.

22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb.

Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. Aprelin 7-ə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,35 milyon nəfərə çatıb. Bunların 285,000 nəfəri sağalıb, 74,800 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.