Çörəyin qiyməti ucuzlaşacaq

Çörəyin qiyməti ucuzlaşacaq

Azərbaycanda ən iri un istehsalçısı olan “Karat Holdinq MMC” “Karmen” və “Yeganə” unlarının qiymətini aşağı salıb.

Şirkətin mlumatına görə son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub. Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb.

“Karat Holdinq MMC olaraq, uzun illərdir ki, un istehsalı ilə məşğul oluruq. Fəaliyyətimizdə istehlakçı məmnunluğunu daim əsas tutaraq keyfiyyətli və sərfəli qiymətlərlə un satışını həyata keçiririk. Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də manatın ucuzlaşması və üzən məzənnə rejiminə keçilməsi istehsalı əsasən idxal buğdasına əsaslanan unun maya dəyərinə və satış qiymətinə də təsir göstərib. Lakin dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısını alıb”, – deyə şirkət nümayəndəsi bildirib.

Məlumatda o da qeyd olunub ki, müəssisə bundan sonra da istehsal etdiyi məhsulların keyfiyyəti və qiymətinin istehlakçıların maraqları ilə uzlaşdırılmasını daim diqqətdə saxlayacaq.

Məsələni dəyərləndirən İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, bundan öncə də bəzi rayonlarda çörəyin ucuzlaşması faktları qeydə alınıb:

“Bu ilk növbədə manatın məzənnəsində son dövrlərdə baş verən sabitləşmə prossesləri ilə bilavasitə bağlı olan bir haldır. Digər tərəfdən biz artıq daxildə də taxıl istehsalını kifayət qədər artıra bilmişik.
Hesab edirəm ki, aqrar sektorun inkişafına verilən dövlət dəstəyi sahəsində yaxın gələcəkdə taxıl məhsullarına olan tələbatımızı tam ödəyə biləcəyik. Belə olan halda unun və təbi olaraq çörəyin qiymətində də ucuzlaşmalar baş verəcəkdir.”