Çinlə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri var – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Çin və Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur . Bunu AzerTimes-a Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb:

“Azərbaycan-Çin ikitərəfli ticarət dövriyyəsi son illər xeyli yüksəlib. Son 5 ildə idxal-ixrac dinamikası xeyli artıb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə 1 milyard 300 milyon dollar, 2018-ci ildə 1 milyard 310 milyon dollar, 2019 və 2020-ci illrdə 2,2 milyard dolar olub.

Azərbaycanın Çinə ixracı hər il əhəmiyyətli dərəcədə artır. Hazırda respublikamız Çinə 780 milyon dollardan artıq mal ixrac edir. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payı 45% təşkil edir.

Çin şirkətləri Azərbaycana 900 milyon dollardan çox investisiya yatırıblar.
Azərbaycanın isə Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 1,7 milyard dollar təşkil edir.

TANAP qaz layihəsinin maliyyələşdirilməsinə Çin 600 milyon dollar kredit ayırıb.

Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir. Çin tərəfindən irəli sürülən məşhur “Bir kəmər – bir yol” qlobal nəqliyyat dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Cənab Prezidentin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb”.

A.Hüseynov vurğulayıb ki, Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur:

“Qeyd edək ki, 2015-ci ildən etibarən Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmaları həyata keçirilir.

Prezident İlham Əliyevin iyunun 2-də Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti zamanı müzakirə edilən mühüm məsələlər faydalı əməkdaşlığını daha da genişləndirir. Çin-Azərbaycan münasibətləri həqiqi səmimi dostluq və yaxın tərəfdaşlığa əsaslanır. COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana təqdim etdi.

Hazırda hər iki ölkə “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin daha da genişləndirilməsi təşəbbüsünü artırır”.

Teqlər: