Ceyhun Bayramov Hande Harmancı ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-ə verilən məlumata görə, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib. COVID-19 ilə mübarizədə Azərbaycan tərəfindən ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə ölkəmizin göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər qeyd olunub. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunan yüksək səviyyəli görüşlərinin keçirildiyi, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırıldığı diqqətə çatdırılıb. Ölkəmizin, həmçinin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bu xüsusda, səsimizin beynəlxalq müstəvidə ucaldıldığı vurğulanıb.

Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat təqdim edib. O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.

Nazir Ceyhun Bayramov, səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edərək, regional direktorun bölgəmizə səfərinə önəm verdiyimizi bildirib. Nazir, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq fəaliyyəti və gələcək planlarla bağlı həmsöhbətinə məlumat verib və bərpa layihələrində ÜST və BMT-nin digər qurumlarının iştirakının mümkünlüyünü qeyd edib.

Görüş zamanı tərəflər, habelə Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.

Teqlər: