Cəmiyyətdə güclənən DEVALVASİYA AJİOTAJI: “Valyuta satışına qoyulan məhdudiyyətlər…” – ŞƏRH / VİDEO

“Valyuta satışı ilə bağlı mövcud məhdudiyyətlər fonunda əhalini devalvasiya olmayacağına inandırmaq mümkün deyil”.

Bu fikirləri ölkənin məzənnə siyasəti ilə bağlı yaranmış vəziyyət fonunda hökm sürən ajiotaja münasibət bildirən iqtisadçı Natiq Cəfərli AzerTimes-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, vətəndaşların məhdudiyyətlər və valyutaya çıxış imkanları ilə bağlı üzləşdikləri çətinliklər məzənnə ətrafında ajiotajın yaranmasına yol açıb:

“Azərbaycanda, əsasən, rəsmi qurumlar, o cümlədən Mərkəzi Bank cəmiyyətdə ajiotajın yaranmasında həmişə iqtisadçı ekspertləri və ya medianı günahlandırırlar. Belə ki, ajiotaj fonunda dollara tələbat yüksəlir və insanlar dollar almağa çalışırlar.

Əslində, bu cür yanaşma doğru deyil. Çünki ajiotajı yaradan məhz rəsmi qurumların münasibətidir. Əgər alqı-satqı prosesləri çox ləng gedirsə, sənədləşmə işləri tələb olunursa, günortadan sonra valyuta satışında müəyyən məhdudiyyətlər tətbiq olunursa və əlində manat olan insan bir neçə banka gedərək valyuta ala bilmirsə, bu gedişat ajiotaja səbəb olur.

Hətta heç bir qanuni əsası olmayan, il ərzində hər bir vətəndaşa 11 min dollara yaxın vəsait almaq məhdudiyyəti qoyulub. Bu, dünyada nadir görünən bir məhdudiyyət növüdür. Mərkəzi Bank və hökümətin doğrudan da manatın məzənnəsi ilə bağlı çəkinəcəyi hər hansı vəziyyət yoxdursa, bu halda tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılmalıdır. Nəticədə manata inam və manatın ucuzlaşmayacağına əminlik yaranacaq”.

Manatın ucuzlaşması ilə mümkün ehtimalı da dəyərləndirən Natiq Cəfərli bildirib ki, manatın məzənnəsi inzibati tənzimləndiyinə görə milli valyutamızın nə vaxt ucuzlaşacağını öncədən proqnozlaşdırmaq mümkün deyil:

“Təəssüf ki, Azərbaycanda manatın məzənnəsi iqtisadi kateqoriya deyil. Əslində isə iqtisadi kateqoriya olmalıdır. Yəni iqtisadi zərurətdən doğmalıdır. Ölkəmizdə manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Artıq 4 ilə yaxındır ki, dollar-manat münasibətlərində heç bir dəyişiklik yoxdur. Bu, inzibati tənzimləmənin göstəricisidir.

Çünki 4 il ərzində dəyişikliyin olmaması mümkün deyil. Ölkədə formal keçirilən hərraclar var. Bu hərraclara nə qədər valyutanın çıxarılacağı və kimlərin nə qədər alacağı öncədən bilinir. Bu cür inzibati tənzimləmə fonunda manatın məzənnəsinin nə vaxt dəyişəcəyini iqtisadi nöqteyi-nəzərdən proqnozlaşdırmaq çətindir.

Lakin manatla bağlı müəyyən problemlər var. Məsələn, 2020-ci ildə ticarət balansında müəyyən problemlər yaşandı, bəzi aylarda mənfi saldoya keçirildi. Həmçinin neftin qiymətləri də sabit deyil. Hazırda neftin qiymətində artım tempi müşahidə olunsa da, bir aydan sonra yenidən ucuzlaşma baş verə bilər. Eyni zamanda, qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımızın milli valyutaları dəyərdən düşüb. Bu amillər manata basqı yaradır”.

Gülşən Şərif

azertimes.az