C.Naxçıvanski adına Hərbi Liseydə şəhid zabitin xatirəsi anılıb (FOTO/VİDEO)

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin zabit, kursant və müəllim heyəti, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Anım mərasimində uzun müddət C.Naxçıvanski adına hərbi liseydə xidmət etmiş şəhid polkovnik-leytenant Q.Baxşəliyev haqqında xatirələrdən, onun Vətənə, millətə, dövlətə sadiq olmasından söz açılıb. Şəhid zabitimizin həyatının müxtəlif illərini əhatə edən foto sərgi tədbir iştirakçılarına nümayiş etdirilib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.

Teqlər: