Bu il qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb – Hərbi Prokurorluq

Xəbər - Samir Əli – Trend:

2021-ci ilin birinci yarımilində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olub. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.

Respublika Hərbi Prokurorluğundan AzerTimes-a verilən məlumata görə, bu barədə iyulun 17-də qurumda 2021-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, hesabat dövründə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra işlər görülüb.


Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli iş aparılmaqla, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görülüb.

Teqlər: