Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirir.

DİM-dən AzerTimes-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılır.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 9‑dan 19-dək aparılıb. İmtahanda iştirak üçün 19885 bakalavr ərizə təqdim edib. Onlardan 18139 nəfəri Azərbaycan bölməsi, 1746 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Bakalavrlardan 10530-u cari ilin, 9355-i isə əvvəlki illərin məzunlarıdır, 42 nəfər xarici ölkə vətəndaşıdır. Magistraturaya qəbul olmaq istəyən ən cavan bakalavr 2002-ci il, ən yaşlı bakalavr isə 1963-cü ildə anadan olub.


Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 3, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13961, Naxçıvanda 680, Gəncədə 1452, Sumqayıtda 1494, Abşeronda 854, Mingəçevirdə 950, Lənkəranda 494 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 231 imtahan rəhbəri,1863 nəzarətçi-müəllim, 170 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 22-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Teqlər: