Bu gün Azərbaycanla İtaliya arasında əlaqələr yüksək səviyyədədir – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bir çox vacib məqamlara toxundu. Bu gün İtaliya ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir.

Bunu AzerTimes-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı Vətən müharibəsi zamanı İtaliyanın dəstəyini yüksək qiymətləndirir: “Azərbaycanın həmin dövrdə bu dəstəyə ciddi ehtiyacı var idi. Məhz bu münasibətlərin nəticəsidir ki, dost ölkə kimi İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə yaxından cəlb olunub. Bu əlaqələr növbəti illərdə də uğurla davam etdiriləcək. Ortada iki ölkə rəhbərlərinin möhkəm iradəsi və prinsipial mövqeyi var”.

C.Məmmədov qeyd edib ki, hazırda Qarabağda böyük quruculuq və abadlıq işləri həyata keçirilir: “Azərbaycan tezliklə Qarabağı dünyanın ən abad və gözəl bölgələrdən birinə çevirəcək. Azərbaycanın buna kifayət qədər imkanı və potensialı var. Həyata keçirilən irimiqyaslı layihələr bunu söyləməyə tam imkan verir.

Prezident İlham Əliyevin müsahibəsində vacib məqamlardan biri də İranla bağlı idi. Təəssüflə qeyd etmək lazımdır ki, İran Azərbaycana münasibətdə böyük hörmətsizlik nümayiş etdirir, Azərbaycan tərəfinin diplomatik etika qaydalarına uyğun təmkinli davranışı müqabilində isterik addımlar atır, İranın rəsmi şəxsləri, dindarları, əyalət mollaları yersiz bəyanatlar verir, müxtəlif hədələr səsləndirir, Azərbaycan sərhədinə yaxın hərbi təlimlər keçirir.

Bütün bunlar qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa zidd davranışlardır. İran buna paralel olaraq da Ermənistana ciddi dəstək verir. Birgə infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. İranın bu addımları mənasızdır. İran bununla heç nəyə nail ola bilməyəcək və bu münasibətdən daha çox özü əziyyət çəkəcək. İran nə qədər ki, gec deyil, bunu anlamalıdır”.

Teqlər: