“Bu əməlin səhlənkarlıq, yoxsa rüşvət olduğunu istintaq göstərəcək” – Millət vəkilindən İLGİNC CAVAB

“Tək yeyintiyə yol verənlər yox, həm də onu yoxlayıb tədbir görməyənlər, vəziyyəti bu yerə gətirənlərin hamısı məsuliyyət daşımalıdır”.

Bu fikirləri AzerTimes-a açıqlamasında “Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradovun külli miqdarda yeyintiyə yol vermək ittihamı ilə əvvəl həbs, daha sonra isə vəzifədən çıxarılması fonunda Maliyyə Nazirliyi, Auditorlar Palatası və digər orqanların “Azərxalça”da ötən illərdə apardıqları yoxlamaların nəticələrini dəyərləndirən millət vəkili Tahir Kərimli deyib.

Tahir Kərimlinin sözlərinə görə, istintaq bu çərçivədə aktuallaşan bütün suallara aydın gətirəcək:

“Əlbəttə ki, həmin qurumlar məsuliyyət daşıyırlar. Burada bir neçə variant var. Ola bilər, o qurumlar səhlənkarlıq üzündən yaxşı yoxlamayıblar, ya yoxlayıb bu faktları aşkar eləyib ört-basdır ediblər. Bu da yəqin ki heç nəyin müqabilində olmamış olmaz. Yəqin burada maddi amil də olub.

O baxımdan, tək yeyintiyə yol verənlər yox, həm də onu yoxlayıb tədbir görməyənlər, vəziyyəti bu yerə gətirənlərin hamısı məsuliyyət daşımalıdır. Yoxsa bunun mənası olmaz ki…

Təəssüf ki, insanlar ilişəndə, ondan yapışırıq, digərləri isə kənarda qalır. Yenə deyirəm, belə işlərdə o yoxlayan orqanlar da məsuliyyət daşıyırlar. Hər halda, ən azı inzibati qaydada onlara söz deyiləcək.

Gələcəkdə istintaq göstərəcək ki, onun miqdarı nə qədərdir, bu, səhlənkarlıqdır, yoxsa saxtakarlıqdır, rüşvətdir, himayədarlıqdır, dövlət qulluğundan sui-istifadədir, ya nədir… Yəni bunlar konkretləşəndən sonra yəqin ki, uyğun tədbirlər görüləcək”.

Aqil Bəkir

azertimes.az