Birinci siniflər qeydiyyatda olmadığı ərazi üzrə məktəblərə bu halda qəbul ediləcək

Xəbər - İlhamə İsabalayeva – Trend:

Təhsil Nazirliyi övladının təhsil almaq istədiyi məktəbin ərazisi üzrə rəsmi qeydiyyatda olmayan valideynlərin uşaqlarının hansı halda həmin məktəbin birinci sinfinə qəbul olunduğunu açıqlayıb.

AzerTimes-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov deyib ki, müəyyən məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bu halda qəbul üçün üstünlüklər üzrə kvota tətbiq olunur. Bu üstünlüyə uşağın digər bacı və qardaşının həmin məktəbdə oxuması, uşağın valideyninin həmin məktəbdə işləməsi və ərazidə yaşaması daxildir:

“Üstünlük meyarlarının tətbiq olunduğu məktəbin birinci sinfinə qəbul müəyyən dövr ərzində ancaq üstünlüklərlə aparılır. Açılmış plan yerləri tam dolmadıqda bu üstünlüklər götürülür və digər ərazilərdən də uşaqların məktəbə qəbulu aparıla bilir”.


E.Kərimov əlavə edib ki, birinci sinfə qəbulla bağlı vətəndaşlara yardım göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşanlar bu mərkəzə müraciət edə biləcəklər.

Xatırladaq ki, birinci sinfə qəbul prosesinin aprelin ikinci yarısında başlamaq nəzərdə tutulur.

Teqlər: