Qanun və rüsumlarda dəyişiklik

Qanun və rüsumlarda dəyişiklik

Prezident İlham Əliyev bır sıra qanunlara dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərə əsasən Yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Vergi Məcəlləsinə edilən dəyişiklərə əsasən isə müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Gömrük Məcəlləsinə edilən dəyişikliklərə əsasən isə gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dövlət Rüsumu haqqında qanunda isə dəyişiklərə isə ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin və müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.