Beynəlxalq axtarışda olan 2 nəfər Rusiyaya təhvil verilib

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya Federasiyasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a verilən xəbərə görə, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə, bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun-külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

Teqlər: