Baydenin uydurma hadisələri “soyqırım” kimi qələmə verməsi absurd və ağılsız qərardır – Politoloq

Xəbər - Elçin Mehdiyev – Trend:

ABŞ Prezidenti C.Baydenin 1915-ci ildə baş vermiş uydurma hadisələri “soyqırım” kimi qələmə verməsi bu ölkənin tarixi maraqlarına zidd olmaqla qlobal geosiyasi arxitekturanın dəyişməsinə yol açacaq. Bu absurd və ağılsız qərar 1945-ci ildən sonra formalaşmış dünya sisteminin sütunlarını zədələyərək yeni hərbi ittifaqlaırn ortaya çıxmasını şərtləndirə bilər.

Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, ABŞ-la Türkiyə arasında son illər bir çox məsələlərdə anlaşılmazlıq və ziddiyyətlər yaşanıb:

“Rəsmi Vaşinqtonun Orta Şərq siyasətində müttəfiqi Türkiyənin strateji maraqlarına zidd addımlar atması, S400 və F35 qalmaqalları, habelə terrorçu başı Fətullah Gülən və rahib Bronson ətrafında cərəyan edən məlum hadisələr iki ölkə arasında ayrı-ayrı vaxtlarda heç də xoş olmayan münasibətlərin formalaşmasına səbəb olub. Lakin bunların heç birisi ABŞ-Türkiyə strateji müttəfiqliyinin fundametal köklərini zədələyəcək qədər geosiyasi nəticələr doğurmayıb. Prezident Baydenin qondarma erməni soyqırımını tanıması isə doğuracağı geosiyasi nəticələr baxımından bu qalmaqalların heç birinə bənzəmir”.

Politoloq qeyd edib ki, Baydenin bu qərarı həm iki ölkə arasındakı tarixi əlaqələrin üstündən böyük bir xətt çəkəcək, həm də qlobal müstəvidə yeni bir epoxanın yaranmasına start verəcək:

“Hadisələri qabaqlamaq istəməzdim, amma bu, Türkiyənin NATO-dan qoparaq başqa bir hərbi-siyasi ittifaqın tərkibində yer almasına şərait yarada bilər. Düşünürəm ki, Türkiyənin atacağı ilk addım “İncirlik” hərbi bazasının bağlanması olacaq. ABŞ-ın Orta Şərqdəki maraqları baxımından strateji əhəmiyyət daşıyan bu bazanın bağlanması həm də Türkiyənin NATO-dan uzaqlaşması istiqamətində mühüm bir mərhələnin başlanması deməkdir. Türkiyədə Avrasiyaçılıq xəttinin yüksəlməsi ilə yaxın illərdə Türkiyə-Rusiya tərəfdaşlığının hərbi-strateji səviyyəyə qalxacağını da indidən proqnoz edə bilərik”.

Politoloq bildirib ki, Türkiyənin NATO-dan ayrılması isə onsuzda böhran çağını yaşayan bu hərbi təsisatın dağılması prosesini sürətləndirəcək: “Onsuzda ABŞ NATO-nun güclənməsi istiqamətində Avropadakı müttəfiqlərindən yetərli dəstəyi ala bilmirdi. Türkiyənin bu təşkilatın sıralarından ayrılması isə Şimali Atlantika blokunu tamamilə aciz duruma sala bilər. Bütün bunlar isə hadisənin qlobal nəticələr doğurmaq ehtimalını göz önünə qoyur. Türkiyənin problemi Azərbaycanın problemidir. Azərbaycan xalqı və dövləti qondarma erməni soyqırımı ilə bağlı yalanların dünya miqyasında ifşa olunması istiqamətində qardaş Türkiyə dövləti ilə birlikdə addımlayır. Güman edə bilərik ki, dünyada erməni yalanlarına bizim qədər bələd olan ikinci ölkə yoxdur. Hər halda Türkiyəyə qarşı yönəlmiş hər hansı bir təhdid bizə qarşı yönəlmiş təhdiddir. Türkiyə haradadırsa, biz də oradayıq. Türkiyənin dostu bizim dostumuz, düşməni isə bizim düşmənimizdir. Baydenin heç bir məntiqə sığmayan ağılsız qərarından sonra Türkiyə dövləti hansı addımı atacaqsa, həmin addımları dəstəkləyəcək və daha geniş mənada bütün istiqamətlər üzrə qardaşlıq missiyamızı yerinə yetirəcəyik”.

Teqlər: