Başakşehir – PSJ matçı yarımçıq dayandırıldı

Başakşehir – PSJ matçı yarımçıq dayandırıldı

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Fransada yerli PSJ ilə Türkiyənin “Başakşehir” klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb.

Buna oyunun 4-cü hakimi Sebastyan Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.

Üstəlik, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.

“TRT Spor”a açıqlama verən “Başakşehir”in prezidenti Göksel Gümüşdağ oyunu davam etdirmək üçün sadəcə bir tələblərinin olduğunu söyləyib: “Matçın dördüncü hakimi meydandan çəkilsə, oyunu davam etdirəcəyik. Dördüncü hakim meydanda qalsa, biz orada olmayacağıq”.

Artıq UEFA Türkiyə klubunun tələbini qəbul etmək məcburiyyətində qalıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək. Görüşün 4-cü hakimi meydana çıxmayacaq.