Bank kartı sahiblərinin nəzərinə: Məlumatları heç kimə verməyin!

Xəbər - Fərid Zöhrabov – Trend:

Son zamanlar xarici ölkələrdən yerli vətəndaşlara zənglər edilir. Zəng edən şəxslər bildirir ki, bank hesablarındakı vəsaitlər təhlükə altındadır.

Bu barədə Trend-ə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi adına bank kartı olan insanlardır: “Vətəndaşlardan tələb olunur ki, mümkündürsə, bank kartlarının məlumatlarını desinlər. Bank kartının üzərində olan 16 rəqəmli kod, kartın arxasındakı CVV kodu, kartın bitmə tarixini əldə edirlər. Vətəndaşlar düşünürlər ki, onların kartları həqiqətən təhlükədədir. Zəng gələn nömrələr çox inandırıcı olur. Bank nömrələrindən belə zəng edə bilərlər. Son hücumlara nəzər salsaq, görərik ki, bunlar xarici nömrələrdir. Bəzən rus dilində də müştəri ilə danışırlar. Vətəndaşlar belə anda təşvişə düşməməlidir. Çox təəssüf ki, onların bank hesablarının məlumatları qarşı tərəfə keçən zaman bankda olan vəsaitlər xarici banka köçürülür. Belə olduqda dövlət orqanları, bank həmin vəsaiti almaqda çətinlik çəkir. Çünki cinayətkarlar artıq vəsaiti əldə eləmiş və nağdlaşdırmış olurlar. Belə kiber hücumların qurbanı olmamaq üçün vətəndaşlar diqqətli olmalıdır. Kart sahibləri qarşı tərəfin kimliyindən aslı olmayaraq, hətta bank əməkdaşı özü belə zəng eləsə, kartın məlumatlarını təqdim etməməlidir. Bir nüansa diqqət etmək lazımdır. Banklar, dövlət qurumları, özəl təşkilatlar öz müştəriləriylə əlaqə yaradarkən heç vaxt telefon vasitəsiylə onlardan şəxsi məlumatları soruşmurlar. Əgər bank hesabı təhlükə altındadırsa, bu zaman bank texniki olaraq özü müdaxilə edir. Lazım olarsa, müştərini banka dəvət edib, problemi orada aydınlaşdırır.”

“Belə fırıldaqçılığa bank mühəndisliyi deyilir. İnsanlarda saxta sevinc, saxta qorxu hisləri yaradılır. Buna misal olaraq, “siz 50 000 min manat lotereyada pul qazanmısız. Zəhmət olmasa, kart məlumatlarınızı verin, pul vəsaitini kartınıza köçürək. Saxta qorxu hissinə misal olaraq, sizin bank hesabınız bloklanıb, hesabınızdan pul çəkilib” kimi bəhanələrlə sizə yazıb məlumatlarınızı əldə edə bilərlər” – deyə, ekspert əlavə edib.

Teqlər: