Bu yollar birtərəfli olacaq

Bu yollar birtərəfli olacaq

“Mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şossesinin Bakı Su İdmanı Sarayından Bibiheybət məscidinin ərazisinə qədər olan hissəsindəki yolda hərəkət birtərəfli istiqamətdə təşkil edilir”.

Respublika Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında bu barədə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verib. Həmin yolun əks istiqamətində isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq: “Həmçinin mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ.Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq. Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər”.

K.Əliyev qeyd edib ki, mayın 6-dan 23-dək Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.