Bakıda tikinti kranı aşdı, ölən var

Bakıda tikinti kranı aşdı, ölən var

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.

Bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.

O qeyd edib ki, hadisə bir az əvvəl baş verib. Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələri xahiş edilib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

Kran 23 saylı 11 illik Musiqi Məktəbinin yerləşdiyi binanın üstünə düşüb. Binanın altında məktəb yerləşir, üstü yaşayış binasıdır.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb: “Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb”.

Kran “Azadlıq bağçalı evlər” kompleksinin tikintisi zamanı aşıb.

Kranın aşması nəticəsində vəfat edən şəxsin cənazəsi bu dəqiqələrdə ərazidən götürülüb. Onun aşan kranın altında qaldığı bildirilir.

Ölən şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.