İstirahət mərkəzinin binası uçdu

İstirahət mərkəzinin binası uçdu

Bakıda istirahət mərkəzinin uçması nəticəsində iki nəfər dünyasını dəyişib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Paytaxtın Səbail rayon Polis İdarəsinin məlumatına görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, uçqun zamanı hadisə yerində 6 nəfər olub.

Bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

Yaralılardan birinə yerindəcə yardım göstərilib. Qalan 3 nəfər yaralı isə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) yerləşdirilib.

Yaralılardan ikisinin adı məlum olub. Onlar Orucov Ayaz Bayram oğlu, Mehdiyev Əmir Teymur oğludur. Hər iki şəxs bədənin aşağı ətraflarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində ölən şəxslərin hər ikisi kişidir. Onlar istirahət mərkəzində fəhlə işləyirmirş. Hazırda FHN əməkdaşları hadisə yerindədir. Əlavə itkinin olub-olmaması araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda CM 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.