Bakı Slavyan Universitetində Məzun Günü keçirilib (FOTO)

İyulun 9-da Bakı Slavyan Universitetində (BSU) Məzun Günü keçirilib.Qeyd edək ki,müvafiq tələblər nəzərə alınaraq BSU-da Məzun Günü məhdud sayda məzunun iştirakı ilə keçirilib.

BSU-dan AzerTimes-a bildirilib ki, tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin BSU-dakı büstü önünə əklil və Şəhidlər guşəsinə gül dəstələri qoyublar.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və “Azərbaycan” şeiri səsləndirilib.

BSU-nun rektoru səlahiyyətlərini icra edən,siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev məzun-gəncləri təbrik edib,onlara həyatda və gələcək fəaliyyətlərində böyük nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu gün BSU-nun kollektivi əlamətdar və qürurlu bir gün yaşayır.Anar Nağıyev deyib: “Universitetimizin builki məzunları qalib ölkənin Zəfər ilinin məzunlarıdırlar. Biz bu sevinc və qürur dolu günü bizə yaşadan insanlara,başda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq”.

Anar Nağıyev çıxışında məzunlara əldə etdikləri biliklərə inanmağı, özlərinə güvənməyi, bütün həyatları boyu oxumağı,öyrənməyi, müsbət məqamları dəyərləndirməyi və bölüşməyi,müsbət əməli fəaliyyətləri ilə məzunu olduqları universitetin adını,şərəfini uca tutmağı tövsiyə edib.

Anar Nağıyev eyni zamanda BSU-nun ən yüksək ümumi orta müvəffəqqiyyət göstəricisinə malik olan məzunlarını qeyd edərək universitetin gələcəkdə onlara lazımi dəstək verəcəyinə inamını ifadə edib.

Çıxışında BSU-nun Vətən müharibəsinin şəhidləri olan məzunları Nicat Şükürlünün,Kənan Rüstəmlinin və Elnur Allahverdizadənin adlarını xüsusi vurğulayan Anar Nağıyev universitetin kollektivinin həmişə onların xatirəsini əziz tutacağını bildirib.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Elm,ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məzunları Təhsil Nazirliyi adından təbrik edib və onlara uğurlar arzulayıb. Nicat Məmmədli bildirib ki,ali təhsil illəri insan həyatının ən gözəl və unudulmaz dövrüdür. Gənclər universitetdə aldıqları biliklərlə kifayətlənməməli, ömürboyu təhsil imkanlarından istifadə etməli, gələcək həyatlarını daha uğurlu qurmalı, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər.

Tədbirdə BSU-nun fakültə dekanlarının təqdimatlarına əsasən və rəhbərlik tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq və Elmi Şuranın 7 iyul 2021-ci il tarixli iclasının müvafiq qərarına əsasən, təhsil aldıqları dövrdə yüksək müvəffəqiyyət və keyfiyyət göstəriciləri əldə etmiş,elmi-tədqiqat işinə xüsusi maraq göstərmiş,universitetin elmi və ictimai həyatında fəal iştirak etmiş və nümunəvi davranışları ilə seçilmiş tələbələrə “Fəxri məzun” diplomu təqdim edilib.

Tədbirdə BSU-nun “Arzu” rəqs ansamblı universitetin xoreoqrafı Əli Natiqoğlunun quruluşunda “Cəngi” milli rəqsi ilə çıxış edib, “Doğma Universitetim” mahnısı və videoçarxı, həmçinin Məzun Gününə həsr olunan videoçarx nümayiş etdirilib, Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilov BSU-nun “Şərəf Andı”nı səsləndirib.
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev məzunlara gələcəkdə daha yüksək nəticələr əldə etməyi arzulayıb və BSU-nun pandemiya dövründə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən tələbələrini Fəxri Fərmanla təltif edib.
BSU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Xanım Sultanova,şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin həyat yoldaşı Güllü Mirzəyeva məzunları təbrik edərək onlara xoş arzu və diləklərini çatdırıblar.

Məzun-gənclər göstərilən diqqət və qayğıya görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər və həmişə göstərilən etimadı doğruldacaqlarını vurğulayıblar.

Daha sonra tədbirdə BSU-nun “Nur” vokal qrupunun üzvləri: Aytac Samullayeva “Sən yadıma düşəndə” mahnısını, Filologiya və xarici dil müəllimliyi fakültəsinin III tədris ili tələbəsi Aydan Şahgəldiyeva ingilis dilində “Nothing breaks a like heart”(“Heç nə ürək kimi qırılmır”) mahnısını, Namiq Fərəcli “Deli” türk mahnısını, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi Güllər Həsənova “Tələbə” mahnısını ifa ediblər, “Arzu” rəqs ansamblı isə “Vals” rəqsini təqdim edib.
Məzun Günü yüksək əhvali-ruhiyyə ilə başa çatıb.

Teqlər: