Bakı küçələrində çox ciddi tıxaclar ola bilər – Ekspertdən XƏBƏRDARLIQ

Xəbər - Elçin Mehdiyev – Trend:

Karantin rejiminin yumşaldılması Bakı küçələrində nəqliyyatın sıxlığını əhəmiyyətli dərəcədə artırıb.

Bunu AzerTimes-a nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, nəqliyyat sıxlğının olacağı gözlənilən idi: “Sıxlığın yaranmasının əsas səbəblərindən biri metronun fəaliyyət göstərməməsidir. Digər bir səbəb isə odur ki, pandemiya səbəbindən ictimai nəqliyyata etibar bir az azalıb, yəni insanlar ictimai nəqliyyata ehtiyatla yanaşırlar, bir sıra insanlar isə taksi xidmətindən istifadə etməyə üstünlük verir”.

Ekspert hesab edir ki, karantin rejiminin yumşaldılması zamanı metronun da fəaliyyətinin bərpa edilməsinin nəzərə alınmasına zərurət var: “Metronun fəaliyyəti bərpa olmadan şəhərdaxili sərnişin daşımalar çox çətindir və insanların çoxu avtobuslarda sıxlığa düşməmək üçün fərdi nəqliyyat vasitələrinə üstünlük verirlər, taksilərdən istifadə genişlənib. Ona görə də metronun faliyyətinin bərpa edilməsi yaxşı olar”.

Ə.Hüseynov hesab edir ki, avtobuslarda dezinfeksiya işləri, sanitar-gigiyena qaydalarına daha ciddi riayət etmək lazımdır ki, insanlar avtobuslardan çəkinməsinlər: “Bu üsulla fərdi avtomobillərdən və taksilərdən istifadə azala bilər və nəticədə küçələrdə gərginlik ən azından pandemiyadan əvvəlki vəziyyətə qayıda bilər. Yaxın gələcəkdə orta məktəblərdə, ali təhsil müəssisələrində tədrisin tam bərpa olunması indiki yanaşma ilə çox ciddi tıxaclara gətirib çıxaracaq və ona görə indidən tədbirlər görmək lazımdır”.

Teqlər: