Bahalaşan benzinlə bağlı yeni iqtisadi qərar

Bahalaşan benzinlə bağlı yeni iqtisadi qərar

  Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.

Dəyişikliyə əsasən, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minir və 60 gün müddətində qüvvədədir.

Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Bu qərarlar dərc edildiyi gündən qüvvəyə minir və 90 gün müddətində qüvvədədir.

Xatırladaq ki, Azərbaycanda istehlak olunan “Ai-92” markalı benzin yerli istehsala aiddir və ölkəyə idxal olunmur.

Bir neçə gün öncə Tarif Şurasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Şuradan İstiPress-ə verilən məlumata görə, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.