AzTV-nin veteran rejissoru: “Rövşən Məmmədovun veriliş aparmağa bu qədər vaxtı haradandır?” – MARAQLI SÖHBƏT

“Rövşən Məmmədovun həmin verilişə görə nə qədər qonorar aldığını bilən yoxdur”.

*

Onunla söhbətimiz günorta saat 12-dən 4-ə qədər uzandı. Ağsaqqalın işindən, gördüklərindən, etdiklərindən xeyli danışdıq, ancaq söhbətimizi yekunlaşdıra bilmədik. Çünki ortada bir müsahibəyə sığdırılmayacaq qədər xatirələr vardı…

*

Nazim ZEYNALOV – Azərbaycan Dövlət Televiziyasının veteran rejissoru, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi, bir vaxtlar insanların könlünü-gözünü oxşayan neçə-neçə verilişlərin rejissoru.

*

Nazim Zeynalovla söhbətimizi televiziyanın bu günü üzərində qurduq. Mənim üçün maraqlı idi, görəsən, ömrünün yarıdan çoxunu televiziyaya həsr etmiş, hələ də yaddaşlarda yer edən verilişlərin müəllifi, rejissoru olmuş şəxs teleməkanın indiki durumundan, hazırlanan verilişlərdən razıdırmı?

Nazim bəy mənim yaşımı, televiziyaların ötən onilliklərdəki durumundan məlumatsız ola biləcəyimi nəzərə alıb söhbətinə yaxın keçmişdən başladı.

Azərbaycan Dövlət Televziyasının (AzTV) bu günündən danışarkən qayıtdıq keçmiş sədr Arif Alışanovun dövrünə.

“Heydər Əliyev “Azərbaycan Milli Televiziyası xalqın milli sərvətidir”, – deyib”

Amma hər şeydən əvvəl Nazim Zeynalovun dönə-dönə təkrarladığı sözləri diqqətinizə çatdırmaq istəyirəm:

“Azərbaycan Dövlət Televziyası… AzTV… İndi bu ad insanlarda o qədər də xoş təəssürat yaratmır. Axı bizim Ümummilli liderimiz Heydər Əliyev bütün çıxışlarında “Azərbaycan Milli Televiziyası” deyirdi. Məhz, Milli Televiziya! Heydər Əliyev “Azərbaycan Milli Televiziyası xalqın milli sərvətidir”, – deyib. Buna görə də düşünürəm ki, “Azərbaycan Dövlət” yox, “Azərbaycan Milli Televiziyası” adı bərpa edilməlidir”.

“AzTV-də rüşvətin çiçəklənməsi Arif Alışanovun dövrünə təsadüf etdi”

Veteran rejissor qeyd edir ki, Milli Televiziyada Arif Alışanovun sədrliyi dövründə tariximiz unutdurulmağa başlandı. Elə televiziyada rüşvətin çiçəklənməsi də Alışanovun dövrünə təsadüf etdi.

Söhbət əsnasında başqa bir maraqlı məqam da ortaya çıxdı. Dövlət Televiziyasının Qapalı Səhmdar Cəmiyyəti (QSC) olması mövzusuna toxunan Nazim Zeynalov bunun yolverilməz olduğunu söylədi:

“Niyə Dövlət Televiziyası “QSC” olmalıdır? Nəyə xidmət edir bu? Milli Televziya hər kəsə açıq olmalıdır”.

*

“İTV ilə AzTV-də bəzi verilişlərinin studiya tərtibatı belə eynidir, bir-birini təkrarlayır”

Nazim Zeynalov İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə AzTV-nin oxşarlıqlarına da toxunaraq, bu iki televiziyanın mahiyyət etibarilə eyni məzmun daşıdığını vurğuladı:

“İTV və AzTV-yə baxın, bu kanallar arasında nə qədər oxşarlıq var. Studiyaların tərtibatı belə eynidir. İki eyni məzmunlu televiziya kanalının fəaliyyət göstərməsinə nə ehtiyac var? Məncə, yoxdur. Çünki o kanalların bəzi verilişlərinin studiya tərtibatı belə eynidir, bir-birini təkrarlayır”.

“Milli Televiziyanın heç bir sədri bu günə qədər hər hansı verilişin aparıcısı olmayıb”

Nazim Zeynalov televiziya tarixindən, mövcud telekanalların işindəki çatışmazlıqlardan danışdıqdan sonra AzTV-nin rəhbəri Rövşən Məmmədovun fəaliyyətinə də toxundu:

“Milli Televiziyanın heç bir sədri bu günə qədər hər hansı verilişin aparıcısı olmayıb. Amma indi Rövşən Məmmədov hər həftə efirə çıxır, özünə görə “analiz”lər aparır.

Əvvəla, televiziya rəhbərinin bu qədər vaxtı haradandır? Özü də veriliş saat yarım-iki saat çəkir. Bu verilişin ərsəyə gəlməsi üçün nə qədər işləmək lazımdır. Belə olmaz.

İTV-nin sədri Balaş Qasımova baxın, sədr olandan sonra əvvəlki kimi efirlərdə görünür? – Yox. Yaxud da Murad Dadaşov. Şoumendir, lakin televiziyaya rəhbər təyin edildikdən sonra ancaq idarəçiliklə məşğuldur.

Hələ üstəlik, Rövşən Məmmədovun o verilişinə xeyli vəsait də ayrılır. Amma Rövşən Məmmədovun həmin verilişə görə nə qədər qonorar aldığını bilən yoxdur. Hələ bir efirə çıxıb “Emiland”i rekam edir”.

“Sonradan dövlət büdcəsini talamaq üçün QSC nəzdində Mədəniyyət və İdman kanallarını yaratdılar”

Nazim Zeynalov hesab edir ki, Azərbaycan Dövlət Televziyası və Radio Veirlişləri QSC-nin nəzdində Mədəniyyət TV və İdman TV kanallarının da fəaliyyət göstərməsi dövlət büdcəsini talamaqdır:

“Televiziya özündə informasiya verməyi, maarifçiliyi və əyləncəni birləşdirməlidir. Ancaq bu gün Milli Televiziyaya baxanda nə görürük? – Ancaq informasiya. Belə olmamalıdır. Burada əyləncəli verilişlər hazırlanmalı, insanlar xoş əhval-ruhiyyəyə köklənməlidir.

İndi kimdir AzTV-yə baxan? – Heç kim. Amma mən baxıram. Səhər tezdən televizoru açanda koronavirusa yoluxma sayını göstərirlər. Bu, səhər-səhər mənə lazımdır? Tezdən insanların günə yaxşı başlaması üçün musiqili, əyləncəli səhər verilişləri hazırlanmalıdır. AzTV-də səhər verilişinin özü də insanları informasiya ilə yükləyir.

Sonradan dövlət büdcəsini talamaq üçün QSC nəzdində Mədəniyyət və İdman kanallarını yaratdılar. Baxırsan, heç nə, bir-birinin təkrarı. Rövşən Məmmədov sədr təyin edildikdən sonra bütün loqoları yenilədi, filan qədər də pul xərcləndi. Bunlar hamısı büdcəni talamaqdır da”.

“Məgər AzTV-yə baxan var?”

Nazim Zeynalov bəzi deputatların müasir avadanlıqların alınması üçün AzTV-yə əlavə vəsait ayrılması təklifinin yersiz olduğunu düşünür:

“Deputatlar da Milli Məclisdə deyirlər ki, biz müharibə vaxtı hadisələri Türkiyə telekanallarından izləyirdik. Amma indi AzTV-yə əlavə vəsait ayrılmasını təklif edirlər. AzTV-nin texniki təminatı onsuz da yüksək səviyyədədir, sadəcə, bu imkanlardan səmərəli istifadə edə bilmirlər…

Hələ keçən həftə Zahid Oruc da keçirdiyi sorğunun nəticələrini açıqlamışdı. Nəticəyə görə 60 faizdən çox insan AzTV-ni izləyirmiş. Harada? Kim? Məgər AzTV-ni izləyən var?”

*

P.S. Bütün israrlarımıza baxmayaraq Nazim Zeynalov foto və video çəkiliş aparmağımıza razılıq vermədi.

Aqil Bəkir

www.yenicag.az