Azıx mağarasında yeni arxeoloji tədqiqatlar aparılacaq

Xəbər - İlhamə İsabalayeva – Trend:

İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrdə, o cümlədən Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması nəzərdə tutulur.

AzerTimes-ın məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib.

Onun sözlərinə görə, bu tədqiqatlarda Azərbaycana dəvət ediləcək xarici ölkə alimləri də iştirak edəcəklər.

İlk növbədə abidələrin hazırkı vəziyyətinin müəyyən edilməsini vacib sayan N.Müseyibli qeyd edib ki, daha sonra tədqiqat istiqamətləri müəyyən ediləcək və bunun əsasında araşdırmalar aparılacaq.

N.Müseyibli qeyd edib ki, işğal dövründə ermənilər xarici ölkə alimlərini də cəlb etməklə Azıx mağarasında qeyri-qanuni qazıntı işləri aparıblar. Bu dövrdə aparılan qazıntılar həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq qanunlara zidddir.

Alim əlavə edib ki, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında aparılan qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntıların bir qismi ərazilər işğaldan azad edildikdən sonra Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilib. Hazırda həmin tapıntılar üzərində araşdırma aparılır.

Teqlər: