Azərbaycanlı arxeoloq 3 milyon il bundan əvvələ aid əmək alətləri düzəldir (FOTO)

Xəbər - Çingiz Səfərli – AzerTimes:

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Neolit-tunc dövrü şöbəsinin əməkdaşı Əjdər Babazadə ölkəmizdə eksperimental arxeologiyanın inkişafına dəstək vermək üçün 3 milyon il bundan əvvəl istifadə olunan qədim dövrlərə aid ibtidai əmək alətlərini düzəldir, onların eskizlərini hazırlayır.

Azərbaycan Milli Elmlər Akademiyasından AzerTimes-ə verilən məlumata görə, arxeoloqun hazırladığı ən qədim artefakt nümunəsi alt paleolit dövrünə aid ibtidai əmək alətidir. O, alt paleolit dövründən neolit dövrünün son mərhələsinə, o dövrün uzun bıçaqlarının hazırlanmasına qədər olan bütün alət növlərini düzəldir.

Tədqiqatçı hazırladığı artefakt nümunələrində bir neçə xammal növündən istifadə edir: qədim insanların ilk əmək alətlərinin materialı olan çay daşlarından, bazalt materialından, çaxmaqdaşı, obsidian (dəvəgözü) və digər materiallardan alətlər hazırlayır.

Ölkəmizdə bu sahə üzrə mütəxəssislərin olmaması səbəbindən Ə.Babazadə eksperimental arxeologiya sahəsindəki biliklərini artırmaq məqsədilə dəfələrlə xarici ölkələrdə arxeoloji tədqiqatlarda və nüfuzlu konfranslarda iştirak edib.

Mütəxəssis hazırda Qarabağda olan son neolit dövrünə aid əmək alətlərinin araşdırılmasında iştirak edir.


Qeyd edək ki, Ə.Babazadənin hazırladığı ibtidai əmək alətlərinin bəziləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda qorunur.

Twitter:@cingizsafarli

Teqlər: