Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Martın 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer A. Martinez Berroteran ilə görüşüb.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Parlamentin Sədri qonağı səmimi salamlayaraq ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, dostluq münasibətlərimizin inkişaf etdiyini söyləyib:

“İki ölkə arasında diplomatik əlaqələrin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb. Yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda: sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır”.

Görüşdə Sədr deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir. Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu: “İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi Venesuela xalqını da sevindirib”.

Daha sonra S.Qafarova deyib ki, Azərbaycan Venesuela Bolivar Respublikası ilə parlamentlər səviyyəsində münasibətlərini dərinləşdirmək niyyətindədir. Hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşdirilməsinə öz müsbət təsirini göstərər.

Teqlər: