Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı Əmək Nazirlərinin konfransı keçirilir (FOTO)

Beynəlxalq Əmək Təşkilatının 109-cu sessiyası çərçivəsində Qoşulmama Hərəkatı Əmək Nazirlərinin videokonfransı başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT prinsiplərinə və BƏT-in layiqli əmək konsepsiyasına əsaslanan davamlı inkişafın təşviqinə həsr olunmuş bu mühüm tədbirə qoşulduqlarına görə iştirakçılara minnətdarlığını ifadə edib.

Nazir bildirib ki, Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan bu mühüm vəzifəni icra edərkən Bandung prinsiplərinə sadiq olduğunu bir daha təsdiq edib. Qoşulmama Hərəkatı bu gün dünyada yeni çağırışların ortaya çıxdığını təsdiqləyir. Maliyyə böhranları və ətraf mühitin deqradasiyası, terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm ilə müşayiət olunan silahlı qarşıdurmalar dünyada milyonlarla insana mənfi təsir göstərməkdə davam edir.

S.Babayev dünyada 170 milyondan çox insanın yoluxduğu, 3,5 milyondan çox insanın ölümünə səbəb olan Koronavirus (COVID-19) pandemiyasının insanların həyatı, məşğulluğu və rifahına, əmək bazarına sarsıdıcı təsirlərini qeyd edib. O, Azərbaycanın pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərini davam etdirdiyini bildirib. Ölkəmiz bu mövzuda 2020-ci ilin may ayında Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşünü uğurla keçirdiyini vurğulayıb. Eyni zamanda, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini bildirib.

Nazir Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində, əməkdaşlığın genişləndirilməsində mühüm rolundan bəhs edib. Azərbaycan hökumətinin pandemiya ilə mübarizə istiqamətində atdığı addımları diqqətə çatdırıb. Pandemiyanın iqtisadiyyata təsirini azaltmaq, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işləri, əhalinin demək olar yarısını əhatə edən, 3,5 milyard manat dəyərində olan hərtərəfli sosial-iqtisadi paketin təqdim edildiyini bildirib. Ölkədə bu ilin yanvar ayında başladılan peyvənd kampaniyası çərçivəsində bu günə qədər 2,4 milyondan çox peyvənd istifadə olunduğunu qeyd edib.

S.Babayev Azərbaycanda iqtisadi proseslər fonunda investisiya və işgüzar mühitin daha da yaxşılaşdırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi, yerli biznesə dəstəyin gücləndirilməsi üçün görülən mühüm tədbirləri, sosial islahatları diqqətə çatdırıb. Sosial xidmətləri vahid platformadan şəffaf və səmərəli şəkildə təqdim etmək üçün yaradılan DOST mərkəzləri barədə məlumat verib. Ölkəmizdə ilk dəfə pensiyaların avtomatik təyinatı mexanizminə keçilməsinin sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və müasirləşməsinə yardım edən nailiyyətlər olduğunu vurğulayıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək bazarında bacarıqların təkmilləşdirilməsi, məşğulluq və gender bərabərliyinin təminatı, özünüməşğulluğun inkişafı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.

Vurğulayıb ki, Ermənistanın hərbi təxribatına cavab olaraq 2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusu əks hücum əməliyyatları həyata keçirib, ölkəmizin işğal olunmuş ərazilərini azad edərək, 44 günlük döyüşlərdə böyük qələbə qazanıb. Azad edilmiş ərazilərdə bütün lazımi insan və maliyyə mənbələri təmin edilməklə tam yenidənqurma və bərpa işlərinə başlanıb.

Konfransda BƏT-in Baş direktoru Qay Rayderin çıxışı dinlənilib. Qoşulmama Hərəkatı ölkələrinin aidiyyəti qurumlarının rəhbər şəxslərinin iştirakı ilə müzakirələr aparılıb.

Konfransın sonunda Qoşulmama Hərəkatı Əmək Nazirlərinin Bəyannaməsi qəbul olunacaq.

Teqlər: