Azərbaycanın regionları sürətlə və uğurla inkişaf edir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları uğurla icra edilib və hazırda da edilir. Bunu biz şəhər, rayon, kənd və qəsəbələrimzin hərtərəfli inkişafının timsalında aydın şəkildə görürük. Bu proqram çərçivəsində, bütün ölkə üzrə, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfəri zamanı bildirildiyi kimi Hacıqabulda bu işlər artıq son mərhələdədir.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Səfər zamanı dövlət başçısının bir sıra sosial obyektlərin açılışında iştirak etdiyini bildirən deputatın sözlərinə görə, bu rayonun timsalında əldə edilən nəticələr ümumilikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə çatıldığını təsdiqləyir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bəyan etdiyi kimi, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilib və Hacıqabul şəhəri içməli su ilə təmin olunub. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilib. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib”.

Bütün bunların insanlar üçün gözəl şərait yaratdığını qeyd edən deputat bildirib ki, dövlət başçısının aprelin 20-də açılışında iştirak etdiyi obyektlər isə rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək:

“Məsələn, Hacıqabul Sənaye Məhəlləsində yerləşən “Azərmaş” zavodu 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq. “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisədə isə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.

Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodu ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir. Qeyd edim ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur. Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Bu müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq. Xüsusi olaraq vurğulamağı özümə borc bilirəm ki, müxtəlif sahələri əhatə edən bu müəssisələrin açılması, eyni zamanda aqroparkların fəaliyyətə başlaması dövlətin regionlara xüsusi diqqət və qayığısını bir daha ortaya qoyur. Yəni, qeyd olunduğu kimi əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, dövlətin gördüyü işlər öz praktiki nəticələrini verməkdədir”.

Teqlər: