Azərbaycanda sənaye parkları və məhəllələrinin yaradılması prosesi sürətlənib – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Ölkənin sənayeləşməsi iqtisadiyyatı sıçrayışlı inkişafa aparan və rəqabətqabiliyyətliliyini artıran əsas istiqamətdir. Məhz sənayenin inkişafı iqtisadiyyatın neftdən asılılığının aradan qalxmasına, o cümlədən müasir innovasiyalı texnoloji sahələrin açılmasına və işsizliyin azalmasına imkan verir. Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramlarına uyğun olaraq, ölkəmizdə sənayenin inkişafına xidmət edən sənaye parklarının və sənaye məhəllələrinin yaradılması prosesi sürətlənib.

Bunu AzerTimes -ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, sənaye zonalarında sahibkarların fəaliyyəti üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir: “Sənaye zonalarında lazım olan bütün infrastruktur yaradılır, həm də yeni fəaliyyət sahələrinin fəaliyyəti üçün uzunmüddətli güzəştlər tətbiq olunur. Məsələn, sənaye parkında rezident statusunu almış hüquqi şəxslər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il gömrük rüsumlarından azad olunurlar. Bu da həmin zonalarda investisiyaların yatırılması üçün cəlbediciliyini artırır. Sənaye parkları və sənaye məhəllələri güzəştli fəaliyyət sahələri olduğuna görə bu günə qədər yaradılmış 6 sənaye parkında 6 milyard manatdan artıq, sənaye məhəllələrində 100 milyon manata yaxın investisyalar yatırılmışdır ki, bu da 10 mindən çox iş yerinin yaradılması deməkdir”.

Deputat vurğulayıb ki, ölkəmizin sənayeləşməsi siyasəti dünya iqtisadiyyatı üçün çətin qlobal pandemiya dövründə də uğurla inkişaf etməkdədir: “Belə ki, 2021-ci ilin birinci yarısında ölkəmizin qeyri-neft sənayesində 16,4% artımın əldə olunmasını dövlət başçısının ölkənin sənyeləşmə siyasətinin uğuru hesab etmək olar.

Ümumiyyətlə, sənaye parklarında istehsal olunan məhsullar ilk növbədə ölkə tələbatının ödənilməsinə hesablanıb. Ölkə təlabatının ödənilməsi bu məhsulların idxalının aktuallığını aradan qaldırır ki, nəticədə ölkədən valyuta axınını azaldır.

Məhz qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının möhkəmlənməsinə və dünyada baş verən iqtisadi tənəzüllərdən qorunmasına imkan verir. Ölkəmizin neft sektoru əsas aparıcı yerdə olub. Amma cənab Prezidentin iqtisadiyyatın divesifikasiyası siyasəti ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qalxmasına xidmət edir və son illərin göstəriciləri bir daha bunun əyani sübutudur”.

Twitter: @ElchinMehdiyev

Teqlər: