“Azərbaycanda Rektorlar Konfransı”: Erasmus+ layihəsi çərçivəsində Avropa təcrübəsi öyrənilir

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransı” adlı Erasmus+ layihəsi çərçivəsində onlayn formatda ilk müzakirə keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Fransa Rektorlar Konfransının, Fransa Beynəlxalq Təhsil Mərkəzinin, Belçikanın EFMD–Biznes Universitetlər Assosiyasiyasının, Polşa Rektorlar Konfransının məsul şəxsləri, eyni zamanda Azərbaycan 15 universitetinin prorektorları və digər rəhbər şəxsləri iştirak edib.

Tədbirdə Rektorlar Konfrasının yaradılması üçün zəruri hesab edilən tədqiqat işlərinin aparılması, ali təhsil müəssisələrinin rəhbər işçiləri, akademik heyət, tələbələr, işəgötürənlər və məzunlar arasında sorğuların və intervyuların təşkili qaydaları, fəaliyyət planına uyğun olaraq işlərin bölgüsü, işlərin icrasına məsul şəxslərin təyin edilməsi, eyni zamanda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi üçün müvafiq müddətlərin müəyyən edilməsi kimi mühüm məsələlər müzakirə edilib. Bu istiqamətdə Avropa təcrübəsinin öyrənilməsi xüsusilə diqqət mərkəzində olub.

Yekunda işçi qrupu qarşısında duran digər mühüm vəzifələr və icra mərhələləri qarşılıqlı fikir mübadilələri aparılmaqla nəzərdən keçirilmiş və bir sıra qərarlar qəbul edilib.

Teqlər: