Azərbaycanda elektron ticarət bazarının sürətlə artması yeni tendensiyaların inkişafına səbəb olacaq – İqtisadiyyat Nazirliyi

Azərbaycanda elektron ticarət bazarının sürətlə artması yeni tendensiyaların inkişafına və konsolidasiyasına səbəb olacaq.

Bunu AzerTimes-a Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsini icra edən Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, belə tendensiyalardan biri “D2C”yə, yəni məhsulların pərakəndə, distribyutor və diler şəklində vasitəçi olmayan satışına keçiddir.

“Yeni ortaya çıxan daha bir tendensiya “CDP”nin (сustomer data platform/müştəri məlumat platforması) yayılmasıdır. Firmalar mağaza ilə əlaqə kanalları da daxil olmaqla daha çox müştəri məlumatı toplamağa çalışırlar ki, bu da CDP platformaları tərəfindən təmin edilir”, – direktor bildirib.


A.Hüseynova qeyd edib: “CDP”nin əsas məqsədi marketinq strategiyasını idarə etməyə, auditoriyanı seqmentləşdirməyə və fərdi müştəri təcrübələrini yaratmağa kömək edəcək toplanılan məlumatın verilməsidir.”

Xatırladaq ki, 2020-ci ilin dördüncü rübünün sonunda əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi 34 faiz, təmassız ödənişlər 5.2 dəfə, İnternet və mobil bankçılıq vasitəsilə ödənişlərin həcmi – müvafiq olaraq 65 və 90 faiz artıb.

Qeyd edək ki, daha əvvəl Visa şirkəti Qafqaz bölgəsi ölkələrində onlayn ödəmələrin yüzdə 80 artdığını elan edib. Bu bölgədəki Visa kartları ilə edilən ödənişlərin ümumi həcmində əhəmiyyətli pay Azərbaycanın payına düşüb.