Azərbaycan və UNIDO beşillik əməkdaşlıq planının hazırlanmasını başa çatdırır

Xəbər - Nərgiz Sadıxova – Trend:

Azərbaycan və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) hazırda növbəti beş il üçün əməkdaşlıq planının hazırlanmasını başa çatdırır.

Bunu Trend-ə UNIDO-nun Avropa və Mərkəzi Asiya üzrə regional koordinasiya şöbəsinin rəhbəri Yatsek Tsukrovski deyib.

Onun sözlərinə görə, təşkilatla Azərbaycan arasında əməkdaşlıq son illərdə inkişaf edib.

O qeyd edib ki, hazırlanmaqda olan əməkdaşlıq proqramı tərəfdaşlığı gücləndirmək, bir sıra prioritet sahələrdə, o cümədən Sənaye 4.0 üzrə birgə fəaliyyəti stimullaşdırmaq məqsədilə 2014-cü ildə imzalanmış Çərçivə əməkdaşlıq proqramını əvəz edəcək.

Qeyd olunub ki, hazırda UNIDO-nun reallaşdırdığı və Sloveniya hökuməti tərəfindən maliyyələşdirilən bir layihə Azərbaycanda innovativ ekosistemin və köməkçi infrastrukturun inkişafına, o cümlədən Rəqəmsal Təhsil və İnnovasiyalar Mərkəzinin yaradılmasına yönəlib: “Bu çərçivədə UNIDO Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıqda Azərbaycan İnnovasiyalar Agentliyinin əhatəsinin genişləndirilməsi üçün rəqəmsal tədris platforması yaradır. Artıq innovasiyalar və ekosistemin yaradılması sahəsində potensialın artırılması üzrə bir sıra tədbirlər görülüb və tezliklə ölkədə möhkəm innovativ ekosistemin inkişafına kömək etmək üçün innovasiyaların idarə olunması üzrə xüsusi tədris modullu rəqəmsal platforma işə salınacaq”.

Bununla yanaşı, UNIDO BMT-nin digər agentlikləri birgə 2021-2025-ci illər üzrə Azərbaycan üçün dayanıqlı inkişaf sahəsində əməkdaşlıq üzrə BMT-nin Çərçivə proqramının hazırlanması və reallaşdırılması üzərində işləyir.

Twitter: @nargiz_sadikh

(Tərcümə: Orxan Nəbiyev)