Azərbaycan və ABŞ insan hüquqlarının müdafiəsi sahəsində birgə əməkdaşlıq istiqamətlərini müzakirə edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ-ın) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşüb.

Ombudsman Aparatından AzerTimes-a bildirilib ki, görüşdə insan hüquqlarının müdafiəsi sahəsində birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Görüş zamanı Ombudsman 2020-ci il sentyabrın 27-də başlanmış və noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli Bəyanatın imzalanması ilə başa çatmış müharibə zamanı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış məntəqələrində həyata keçirdiyi faktaraşdırıcı missiyalar barədə danışıb. Ombudsman qeyd edib ki, həmin dövr ərzində faktaraşdırıcı missiyalar zamanı əldə olunmuş faktlar və sübutlar əsasında 7 hesabat, habelə Ermənistan tərəfindən Azərbaycanın əsir və girovlarına qarşı işgəncə və pis rəftarla bağlı hesabat hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara, səfirliklərə, o cümlədən ABŞ səfirliyinə göndərilib.

S.Əliyeva Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlı hərbi qulluqçular və mülki şəxslərlə təkbətək görüşdüyünü, onların problemləri ilə maraqlandığını bildirib. Eyni zamanda, S.Əliyeva əsir düşmüş erməni hərbi qulluqçularına baş çəkdiyini, onların hüquqlarının təminini diqqətdə saxladığını, onlara erməni dilində çap edilmiş Avropa İnsan Hüquqları Konvensiyasını təqdim etdiyini nəzərə çatdırıb.


Ombudsman Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə məcburi köçkünlərin pozulmuş hüquqlarının nəhayət bərpa edildiyini qeyd edib. Bununla yanaşı, Ombudsman Ermənistan tərəfindən işğal müddətində Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirilməsi faktına diqqəti yönəldib. O, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə verməməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Görüş zamanı hüquqi maarifləndirmə sahəsində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfir Ombudsmana səmimi qəbula görə təşəkkürünü bildirib.

Teqlər: