Azərbaycan Texnologiya Universitetində məzunlara diplomların təqdimetmə mərasimi keçirilib (FOTO)

Azərbaycan Texnologiya Universitetinin (UTECA) 2020\2021-ci tədris ilinin məzunlarına diplomlar təqdim edilib. Bu məqsədlə təşkil olunan tədbir universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarətlə başlayıb. Tədbir qonaqları UTECA-nın şəhid məzunlarının abidəsi önünə gül dəstələri düzüblər.

AzerTimes xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gəncə Regional Kollecin müdiri Fəxrəddin Zeynalov, Kapital Bank ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev, pandemiya qaydalarından irəli gələrək az sayda məzunlar və valideynlər iştirak edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra UTECA-nın rektor əvəzi Yaşar Ömərov açılış nitqiylə çıxış edib. Bildirib ki, Tovuz döyüşlərindən 1 il ötür: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi və dəmir yumruq sayəsində qazandığımız Zəfər iyul döyüşlərindən ilham almışdı. 12-16 ilyul, 2020-ci il tarixlərində Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alan zaman yüksək rütbəli zabitlərimiz şəhid olub. Generalımız Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin öz əsgərləri ilə çiyin-çiyinə vuruşaraq şəhid olmaları xalq birliyinin daha da möhkəmlənməsinə səbəb oldu. Düşmənin növbəti – 27 sentyabr təxribatından sonra Ali Baş Komandanın əks hücum əmrilə 27 il işğalda qalan torpaqlarımız yağı düşməndən təmizləndi – düzgün siyasət və vətənpərvər nəsil sayəsində. Vətənpərvərlik təhsildən başlayır, döyüşlərdə UTECA-nın çox sayda tələbə və məzunları iştirak edib. 44 günlük müharibədə universitetimizin 6 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Biz onlarla qürur duyuruq. Təklif edirəm bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək”.

Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra söz qonaqlara verilib. Çıxış edənlər məzunlara həyatın yeni mərhələsində uğurlar arzu edib, məsləhət və tövsiyələr veriblər. Məzunların çıxışının ardından diplomlar təqdim edilib.


Sonda ÜOMG-si yüksək olan məzunlara hədiyyə və mükafatlar təqdim edilib.

Qeyd edək ki, bu il UTECA-nı 470 bakalavr bitirib. Onlardan 13-ü qırmızı diplom alıb. Bu il məzun olan 72 magistrdan 26 nəfəri isə fərqlənmə diplomu əldə edib.

Teqlər: