Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib (FOTO)

Baş Prokurorluqla ölkəmizin aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin müvafiq tədris müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən tədbirlərə, eyni zamanda, ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasının, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarını müəyyən edilməsinə töhfə verən Azərbaycan Respublikasının Baş prokuroru yanında məşvərətçi orqan kimi Elmi-Məsləhət Şurasının fəaliyyətinin mühüm əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Martın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Şuranın iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, ADA, Milli aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror Kamran Əliyev Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız şanlı qələbə, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri və layihələr, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, post-müharibə dövrünün ölkəmiz və ümumilikdə bütün region üçün verdiyi fayda, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə törədilən sülh və insanlıq əleyhinə cinayətlərin ifşa olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən tədbirlər, eləcə də prokurorluq orqanlarının keçən dövr ərzində fəaliyyəti barədə Şura üzvlərini məlumatlandırıb.

Daha sonra Şura üzvü – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Şuranın keçən dövr ərzində fəaliyyəti barədə hesabat verib.

Bildirilib ki, Şuraya daxil olan qurumlar, eləcə də tərəfdaş ölkələrin tədris qurumları, akademiyaları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülüb. Belə ki, Baş Prokurorluqla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında memorandumlar imzalanmaqla, birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması nəzərdə tutulub.

Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə əlaqədar Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və Qazaxıstanın nüfuzlu hüquq mühafizə akademiyaları ilə işgüzar münasibətlər qurulub.

Ötən müddət ərzində hüquq ədəbiyyatı, metodiki vəsaitlərin və dövri mətbu nəşrlərin hazırlanması ilə bağlı müasir çağırışlara cavab verən təşəbbüslər davam etdirilib. Həmin tədbirlər çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və müzəffər Azərbaycan Ordusunun rəşadətinin təzahürü olan şanlı Vətən müharibəsinə və parlaq qələbəmizə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqımıza göstərdiyi xeyirxah və nəcib qayğıya, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı görülən tədbirlərə həsr olunan “Qarabağ Azərbaycandır” kitabı hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Bundan əlavə, “İstintaq təcrübəsi” və “Dövlət ittihamının müdafiəsi təcrübəsi” adlı yeni dövri elmi-praktiki mətbu nəşrlər də təsis edilərək hüquq ictimaiyyətinə təqdim olunub. Azərbaycan Prokurorluğu Elmi-Praktiki Jurnalının və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin bülleteninin növbəti rüblük nömrələri oxuculara təqdim edilib.

İclas çərçivəsində Ermənistan tərəfindən mülki əhalimizə qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər və bununla bağlı təzminat məsələləri, işğal altında olan müddətdə torpaqlarımızda urbisid aktlarının törədilməsi, hərbi münaqişələr zamanı mülki əhalinin qorunması və insan hüquqlarının müdafiəsi mövzusunda məruzə ilə çıxışlar edilib, eyni zamanda, “Özəl sektorda anti-korrupsiya standartları” və “Normayaratma fəaliyyəti” adlı vəsaitlərin təqdimatı keçirilib.

Daha sonra gündəlikdə duran məsələlər, o cümlədən vahid istintaq və məhkəmə təcrübəsinin formalaşması ilə bağlı müxtəlif hüquqi məsələləri özündə əks etdirən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Tahir Kazımov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hüquq üzrə fəlsəfə doktoru Nizami Səfərov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru Ayxan Rüstəmzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən, prorektor, hüquq üzrə fəlsəfə doktoru Elçin Xələfov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının İxtisas fənləri kafedrasının baş müəllimi Şahin Hüseynov və digər iştirakçılar tərəfindən çıxışlar edilib, geniş müzakirələr aparılıb, həmçinin Elmi-Məsləhət Şurasının qarşısında duran vəzifələr müəyyən edilib.

Teqlər: