Azərbaycan Prezidenti Zəngilan rayon sakinləri ilə görüşüb (FOTO)

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində dövlətimizin başçısı Zəngilan rayonunun sakinləri ilə görüşdü.

Prezident İlham Əliyev: Salam, gəlin yaxına, gəlin, yaxınlaşın.

Qadın sakin: Ağalı kəndinə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Bu, bizim kəndimizdir. Mən Ağalı kəndində, bu kənddə anadan olmuşam, burada boya-başa çatmışam. Atamın, anamın, həyat yoldaşımın, əmilərimin, dayılarımın məzarları bu qəbiristanlıqdadır. Həyat yoldaşımın məzarı o görünən ağacın yanındadır, iş başında həlak olubdur.

Prezident İlham Əliyev: Eviniz harada, hansı tərəfdə olub?

Qadın sakin: Evimiz aşağıdadır.

Prezident İlham Əliyev: Böyük Ağalıda.

Qadın sakin: Siz birinci dəfə maşınla keçəndə göstərirsiniz ki, bu ev kimindir, yəqin tanıyacaq. O, bacımın evidir. Çox sağ olun, çox şadam ki, Sizinlə, xanımınızla, qızınızla burada görüşürəm. Hamınızı bağrıma basıram, öpürəm.

Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Ağalıya qayıtmısınız.

Qadın sakin: Sağ olun, mən də Sizə cansağlığı, uzun ömür arzulayıram ki, bizi gətirib öz yerimizə çıxartdınız, torpağımızı gördük. Torpağımızı azad etmisiniz. Siz torpaqlarımızla bərabər şəhidlərimizin qisasını almısınız, qazilərimiz var. Qazilərimizə Allahdan sağlıq, şəhidlərimizə rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm. Sizin qarşınızda baş əyirəm ki, Ali Baş Komandan kimi onları ətrafınıza toplayıb dünyada görünməyən 44 günlük müharibədə qalib gəlmisiniz. Birinci Qarabağ müharibəsində mənim dayımın oğlu, üzr istəyirəm, həm də kürəkənim 5 il 8 ay müharibədə iştirak etdi. 44 günlük müharibədə könüllü iştirak edən nəvəm qazidir. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Ağalı camaatı bu dəqiqə startda durub, hamımız bir nəfər kimi. Uşaqdan böyüyə hamı deyir ki, gedirik Ağalıya qurub-yaradaq. Ağalı camaatı zəhmətkeşdir. Mən 28 ildir şəhərdə yaşayıram.

Prezident İlham Əliyev: Harada, Bakıda yaşamısınız?

Qadın sakin: Bəli, Biləcəridə yaşayıram.

Prezident İlham Əliyev: Biləcəridə yataqxanada, yoxsa?

Qadın sakin: Xeyr, öz evimizdə yaşayırıq. Öz torpağımıza gəlməyə hazırıq. Bir arzum var, o gün olsun, bu layihə başa çatdırılsın, Ağalı camaatımız gəlsin kəndə yığışsın. Çünki camaatımız zəhmətkeş adamlardır, bərpa edəcəyik. Sizdən xahiş edirəm ki, ikinci dəfə bu kəndə gələndə mənim evimə gəlib bir stəkan çayımı içəsiniz.

Prezident İlham Əliyev: Yaxşı. Söz verirəm sizə. Mütləq gələcəyəm, açılışa da gələcəyəm və İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Bilirsiniz ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir.

Qadın sakin: Bu kənd varlı kənd olub, kolxozu ilə. Mənim belə bir bayatım var:

Mən aşiqəm kəndə gəl,

Mən gəlmişəm, sən də gəl.

Ermənilərin dağıtdığı kəndə baxıb,

Təzə tikilən texnikalı kəndə bax.

Prezident İlham Əliyev: Özü də bu kənd nümunəvi bir kənd olacaq.

Qadın sakin: Bəli, çox sağ olun. Çox şadam ki, Sizinlə burada görüşdüm. Canım mənim, hamınızı bağrıma basıram, öpürəm Sizi.

Prezident İlham Əliyev: Siz nə vaxt çıxmısınız Ağalıdan?

Qadın sakin: 1993-cü ildə çıxmışam və həmişə Siz yumruğunuzu göyə qaldıranda Sizinlə bərabər mən də qaldırmışam, yenə də qaldırıram və deyirəm: Qarabağ bizimdir! Ağalı bizimdir! Zəngilan bizimdir! Gənclərimiz Sizin arxanızdadırlar. Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Prezident İlham Əliyev: Sağ olun. Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad edildi. Bilirsiniz ki, burada Zəngilan uğrunda, bütün kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Biz qan tökərək bu torpaqları qaytardıq.

Qadın sakin: Bəli, nəvəm də burada döyüşlərdə iştirak edib.

Prezident İlham Əliyev: Düşmənləri qovduq və mən birinci dəfə buraya gələndə, dağıntıları görəndə və maşınla keçəndə dedim ki, görəsən, bu ev kimindi? Çünki o evin bir hissəsi qalmışdı.

Qadın sakin: Bəli, indi də qalır, gördüm.

Prezident İlham Əliyev: Qanunsuz məskunlaşmışdılar, dedim ki, yəqin Ağalı camaatı tanıyar kimin evidir.

Qadın sakin: Bəli, mən qulaq asmışam.

Prezident İlham Əliyev: İndi isə yeni layihə ilə yəqin ki, tanış olmusunuz. Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma – camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir. Mən burada gəncləri də görürəm, onlar yəqin ki, müharibədən sonra dünyaya gəliblər, ya da ki, müharibədən əvvəl.

Qadın sakin: Bir yaşında, yeddi aylığında köçkün düşən uşaqlardır.

Prezident İlham Əliyev: Neçə yaşın var?

Oğlan: Möhtərəm cənab Prezident, mən Sizi kəndimizdə görməyimə çox məmnunam. Mən Zəngilanda doğulan ən son körpələrdənəm, buranı məcburi köçkün kimi tərk edəndə yeddi aylıq olmuşam. Bu gün, 28 ildən sonra ilk dəfədir ki, biz öz dədə-baba torpağımıza qədəm qoyuruq və sevindirici hal ondan ibarətdir ki, cənab Prezident, Sizinlə bir yerdə ayaq basırıq.

Cənab Prezident, biz Sizin siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizin çıxışlarınızı hər zaman izləmişik, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda Sizin çıxışınızda bir ifadə bizim diqqətimizi çəkdi. Siz dediniz ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə Şuşada dalğalanan Azərbaycan bayrağı nümayiş üçün Azadlıq meydanına gətiriləcək.

Prezident İlham Əliyev: Bəli.

Oğlan: Cənab Prezident, biz 2020-ci ildə o möhtəşəm Qələbə paradında buna şahidlik etdik. Cənab Prezident, ümumiyyətlə, biz Zəngilan gəncləri daim öz dövlətinə, millətinə, Ali Baş Komandanına sadiq gənclərdir. Ümumiyyətlə, Zəngilan mühüm coğrafi-strateji əhəmiyyətə malik bir rayondur. Zəngilan bizim Naxçıvana keçid qapımızdır. Zəngilan bizim tarixi torpaqlarımız olan Zəngəzura giriş qapısıdır. Zəngilan burada bir çox yolların qovuşuğunda yerləşir. Ümumiyyətlə, Zəngilanda kənd təsərrüfatının inkişafı üçün çox böyük potensial var. Zəngilanda münbit torpaqlar, bol sular, təmiz hava var. Zəngilanda əkib-becərmək üçün hər cür şərait var.

Prezident İlham Əliyev: Zəngilanı görməyib, baxın, görün Zəngilanı necə sevir. Bax, budur Vətən sevgisi. Vətən sevgisi budur.

Qadın sakin: Zəngilan bizim uşaqlıq nağıllarımızdır.

Oğlan: Cənab Prezident, yeri gəlmişkən deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bizim hər birimizin evində oldu. Bizimlə ayrıca sorğular keçirildi, orada əhalinin yaş qrupu müəyyənləşdirildi, əhalinin əmək fəaliyyətinin istiqaməti müəyyən olundu. Sizi əmin edirəm ki, o sorğuda iştirak edən hər bir Zəngilan sakini Zəngilana qayıdacağını qeyd edib. Mən əminəm və Sizi də əmin edirəm. Çünki bura bizim dədə-baba yurdumuzdur. Mənim babam uzun illər burada kolxoz sədri işləyib, cənab Prezident. Atam daş ustası olub. Öz əlinin zəhməti ilə bu Ağalı kəndində 30-a yaxın ev inşa edib. Təəssüflər olun ki, erməni vəhşiliyi nəticəsində o evlərdən heç bir əsər-əlamət yoxdur. Ancaq biz kədərlənmirik, əksinə, sevinirik ki, bu gün “ağıllı kənd” layihəsinə start verilir və ikiqat sevinirik ki, bu layihə məhz bizim kəndimizdən başlayır. Bunun üçün Sizə ikiqat təşəkkür edirik, cənab Prezident, var olun.

Cənab Prezident, biz həmişə oktyabr ayında hüznlə bir yerə toplaşırdıq, Zəngilanın işğal gününü qeyd edirdik. Amma bu ildən etibarən biz oktyabr ayında qələbə gününü, bayram gününü qeyd edəcəyik. Əminəm ki, Siz də bizimlə bir yerdə Ağalı kəndində bayram şənliklərində iştirak edəcəksiniz. Var olun, cənab Prezident, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mütləq. Bundan sonra oktyabr ayı zəngilanlılar üçün ancaq bayram ayı olacaq. Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi. Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, – indi sən görməmisən buraları, sən də görməmisən, – bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük. Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, – yəqin ki, siz maketlərdə görmüsünüz, layihə ilə tanış olmusunuz, – dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək.

Kişi sakin: Ona görə Sizə minnətdarıq, cənab Prezident, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Siz də burada yaşamısınız?

Kişi sakin: Bəli, hazırda Sumqayıtda məskunlaşmışıq.

Qadın sakin: Mənim nəvəm Bakıda anadan olub. Ancaq hərbi xidmətini qurtarandan sonra özü gəlmişdi buraya. Gəlib Füzulinin kəndindən zəng etmişdi ki, məndən nigaran olmayın, amma Şuşada imiş. Yəni, demək istəyirəm ki, o uşaq burada anadan olmasa da, buranın havası, buranın torpağı, danışdığımız nağıllar o uşağı çəkib buraya gətirdi. Şükür Allaha sağ-salamatdır, Allah-Təala qazilərimizə də şəfa versin. Mehriban xanım Sizin sayənizdə qazilərimiz xaricdə müalicə alırlar, onlara köməklik göstərirsiniz.

Prezident İlham Əliyev: Zəngilan çox səfalı yerdir, gözəl yerdir. Dağları, çayları, meşələri.

Kişi sakin: Bizim kəndimizə dəyər verdiyinizə görə, cənab Prezident, Sizə çox minnətdarıq. Allah Sizdən razı olsun.

Qadın sakin: Allah Sizə cansağlığı versin. O körpə uşaq ki var, Siz bir ana kimi ona qayğı göstərdiniz, Sizə minnətdarıq, çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Kişi sakin: Bunlar hamımızın ürəyindən gələn sözlərimizdir.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Biz həmişə Sizin arxanızda durmuşuq.

Prezident İlham Əliyev: Gəlin indi birlikdə təməl daşını qoyaq. Böyük qayıdış bu gün başlayır.

Kişi sakin: İnşallah.

X X X

Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.

Prezident İlham Əliyev: “Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir.

Kişi sakin: Qoy hamının burada zəhməti olsun.

Prezident İlham Əliyev: Əlbəttə, bu, tarixdir. Kişilər özlərini qabağa verirlər.

Qadın sakin: Xeyirli, uğurlu olsun.

Prezident İlham Əliyev: Burada da abidə ucaldılacaq.

Kişi sakin: Cənab Prezident, buraya gəlməyən sakinlər də bizə tapşırdılar ki, Sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz.

Prezident İlham Əliyev: Sağ olun məndən də onlara salam söyləyin. Kənd hazır olanda bir də gələcəyik.

Qadın sakin: Mütləq bizə gəlin.

Birinci xanım Mehriban Əliyeva: Mən də istəyirəm.

Prezident İlham Əliyev: Hə, əlbəttə. Sən yaddan çıxdın. Leyla sən də gəl.

Qadın sakin: Bu həyəcanı bizə yaşatdığınız üçün sağ olun. 70 yaşım var özümü 15 yaşda hiss edirəm. O qədər cavanlaşdırdınız ki.

Birinci xanım Mehriban Əliyeva: Göyərçinlər indi uçmalıdır. Çəkin şəkilini

Prezident İlham Əliyev: Eybi yoxdur bir azdan uçacaqlar.

Kişi sakin: Cənab Prezident, mən bu kənddə doğulmuşam amma burada olmamışam.

Prezident İlham Əliyev: Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə.

Teqlər: