Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunədir – Tamam Cəfərova

Azərbaycan pandemiyaya qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunədir.

Bu sözləri AzerTimes-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, dünən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Prezident İlham Əliyevin Assambleyanın yüksək səviyyəli qonağı qismində çıxış etməsi ölkə başçımızın dünya miqyaslı lider olduğunun növbəti təzahürüdür. Ölkə başçısı çıxışında pandemiya ilə mübarizə işinin effektiv təşkili üçün ölkənin bütün imkanlarının səfərbər olunmasından tutmuş, Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkə olması kimi bir çox önəmli məqamlara diqqət çəkib.

Ölkə başçısının çıxışında ən önəmli məqamlardan biri də Azərbaycanın dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunması məsələsində yüksək həssaslıq göstərməsidir. Belə ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik təbii ki, digər dövlətlər tərəfindən haqlı bir narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu statistika onu deməyə əsas verir ki, dünyada bəzi ölkələrə qarşı açıq-aşkar ikili standartlar tətbiq olunur. Və bu ikili standartların əsasında “peyvənd millətçiliyi” dayanır. Dünyanın zəngin ölkələrinin insan həyatı üzərindən siyasət yürüdüb, rant əldə etməyə çalışmaları təəssüf doğurur.

Bu baxımdan, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir deyən Tamam Cəfərova qeyd edib ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca qeyd olunmalıdır.

T.Cəfərova açıqlamasında Azərbaycanın pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdən olmasını xüsusi vurğulayıb. Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.

Bu nöqeyi-nəzərdən Azərbaycan hər zaman olduğu kimi pandemiyaya qarşı mübarizədə də beynəlxalq məsuliyyətini dərk edən, humanist ölkə mövqeyindən çıxış edib. Əminliklə deyə bilərik ki, ölkəmiz pandemiyaya qarşı mübarizədə dünyanın bir çox ölkələrinə nümunədir.

Teqlər: