Azərbaycan öz gələcəyini vahid Cənubi Qafqazın bir hissəsi kimi planlaşdırır – Şahin Mustafayev

Xəbər - Fidan Babayeva – Trend:

Azərbaycan öz gələcəyini vahid, inteqrasiya olunmuş Cənubi Qafqazın bir hissəsi kimi planlaşdırır.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Peterburq beynəlxalq iqtisadi forumunda deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazın gələcəyini Ermənistan-Azərbaycan münaqişəsinin həlli və əvvəllər işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi kontekstində nəzərdən keçirmək lazımdır.

Baş nazirin müavini bildirib ki, ən vacib məsələlərdən biri nəqliyyat layihələrinin reallaşdırılmasıdır: “Mən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 noyabr 2021-ci il bəyanatları xatırlatmaq istərdim. Bu sənədlərə əsasən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Biz hesab edirik ki, bu, Cənubi Qafqazın bütün ölkələrinin, eləcə bizim yaxın tərəfdaşlarımız, Rusiya, Türkiyə və İranın maraqlarına cavab verir”.

Ş.Mustafayev əlavə edib ki, azad edilmiş ərazilərdə artıq bərpa işləri başlayıb: “Azərbaycan hökuməti bu işlərin icrası üçün zəruri resursları, o cümlədən maliyyə resurslarını ayırıb. Azərbaycan üçtərəfli bəyanatları regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı kimi qəbul edir. Biz hər zaman qarşılıqlı səmərəli və məhsuldar əməkdaşlığa hazırıq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: