Azərbaycan Ordusunda Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir (FOTO/VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlərin keçirilməsi davam edir.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu münasibətlə “N” hərbi hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər vurğulayıblar ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkə rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.


Bildirilib ki, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyətini dərindən öyrənməkdir.

Qeyd olunub ki, hərbi qulluqçular arasında bu cür tədbirlərin keçirilməsi şəxsi heyətə milli-mənəvi dəyərlərin aşılanmasında və vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının ifasında Nizami Gəncəvi və Əfsələddin Xəqaninin əsərlərinə yazılmış romanslar və muğamlardan ibarət “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili kompozisiyalar təqdim olunub.

Teqlər: