Azərbaycan dövləti və xalqı tarixən birgəyaşayış modelinin universal nümunəsi olub

Azərbaycan Ermənistandan fərqli olaraq monoetnik dövlət deyil, cəmiyyətimizdə bütün etnoslara münasibətimiz bərabərdir. Məlumdur ki, bu gün Azərbaycanda 115 azsaylı xalq yaşayır. Ancaq heç bir zaman xalqlar arasında qarşıdurma və ya hər hansı bir problem yaşanmayıb. Dövlətin uğurlu siyasəti nəticəsində azsaylı xalqların Azərbaycanda yaşayışı, inkişafı və təhlükəsizliyi tam şəkildə təmin olub. Biz bu sahədə bütün dünyaya nümunəvi dövlətik. Azərbaycanda bütün dinlərə də münasibət eynidir. Məscidlər də, kilsələr də, sinaqoqlar da eyni şərtlərlə fəaliyyət göstərirlər.

Ölkə başçısı cənab İlham Əliyevin 26 fevral tarixində 4 dildə, 4 saatdan artıq müddətdə, dünyanın 35-dən artıq media sahəsindən gəlmiş jurnaslistlər üçün verdiyi mətbuat konfransında da Azərbaycanın multikultural dəyərlərə sədaqətini ali səviyyədə bir neçə dəfə bildirildi. Azərbaycan Respublikasının vətəndaşı olan ermənilərlə bağlı ölkə başçısı bunları qeyd etdi: “Baxmayaraq ki, erməni əhalisi ora XIX əsrin əvvəllərində köçürülmüşdür. Biz etiraz etmirik. Bizim başqa yerlərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı da bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə biz Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar eşitməmişik. Əksinə, ədavətlə, nifrətlə dolu açıqlamalar verilirdi. Mən isə deyirdim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır.
… Ona görə, biz bu gün də bəyan edirik və mən Prezident kimi bunu deyirəm, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin”.

Cənab Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq, sülh əlini Ermənistana uzatdı, xoş niyyətini nümayiş etdirdi. Prezidentimiz bildirdi ki, əgər davamlı sülh olarsa, Azərbaycan və Ermənistan dövlətləri arasında əlaqələrimizi normallaşdıra bilərik.

1828-ci ildə ermənilərin bölgəyə köçürülməsindən sonra Ermənistan və Azərbaycan əhalisi birgə yaşayıblar. Ermənilərin “böyük Ermənistan” xəyalları olmasaydı, bu gün həmin o birgəyaşayış davam edəcəkdi. Bütün olanlara baxmayaraq, Azərbaycan dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz çərçivəsində Dağlıq Qarabağda ermənilərin yaşamağı mümkündür. Əgər istəyirlərsə, digər etnik qruplar kimi onlar da Azərbaycanın tərkibində yaşaya bilərlər.

I və II Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərə qəsdən xəsarət yetirməyib, mülki obyektləri və yaşayış yerlərini hədəfə almadığını dəfələrlə bəyan edib. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çevirmişdilər. Vətən müharibəsi dövründə Gəncəyə raket atılanda erməni əsilli Azərbaycan vətəndaşı da yaralananlar içərisində oldu. Bunu bilə-bilə azərbaycanlılar Azərbaycan vətəndaşı olan həmin ermənini xilas edib təcili yardıma aparıblar, ona qarşı hər hansı nifrət hissi də göstərmədilər. Bu gün də Azərbaycanda ermənilər yaşayırlar. Azərbaycan Prezidenti də, dövlətimiz də, xalqımız da belə düşünür ki, erməni əsilli azərbaycanlılar, burada doğulanlar, təbii ki, Azərbaycana qarşı silah qaldırmayanlar, döyüşməyənlər qanunlarımıza və Konstitusiyamıza əməl etməklə normal vətəndaş kimi yaşaya bilərlər. Biz burada hər hansı problem görmürük.

Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi açıq saxladı. Ümumiyyətlə, Azərbaycan Ordusunun bölgədən qaçanlara hər an zərbə endirmək, onları PUA-larla vurmaq imkanı olsa da, bunu etməyib. Azərbaycanın bu cür humanist davranışı ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım edib.

Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan, Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradıb.

Cənab Prezident çıxışı zamanı digər bir maraqlı məqama diqqəti yönəltdi: “O ki qaldı, gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu, baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını da tapıblar. Baxın, Ermənistanın 1990-cı illərdəki müdafiə naziri azərbaycanlılara qarşı soyqırımının törədilməsində iştirak edib. Onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq”.

Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır”.

Fransız, alman və ingilislər də bir-birilərinə qonşudurlar. Tarixən onlar arasında çoxillik müharibələr olub. Ancaq sonda onlar bir yerdə Avropa İttifaqı kimi möhtəşəm beynəlxalq birliyi yaradıblar, dinc şəkildə yaşayırlar. Hazırda onları daha çox iqtisadi maraqlar birləşdirir. Keçmiş düşmənlikləri isə yalnız tarixdə qalıb. Ona görə ehtimal etmək olar ki, ermənilər Qafqazda, o cümlədən Azərbaycanda yaşamaq istəsə, gərək başqa xalqlara düşmən mövqeyindən çəkinsinlər. Törətdiyi soyqırımı cinayətlərindən də göründüyü kimi, ermənilərin qonşuları ilə birgə, dinc yaşamaqdan savayı çıxış yolu yoxdur.

İmzalanan üçtərəfli bəyanat bizim qələbəmizin, Ermənistanın isə məğlubiyyətinin təsdiqidir: “Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. İndi işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq diz çöküb. Prezidentin qeyd etdiyi kimi, Paşinyanın hansısa qaranlıq otaqda, zirzəmidə imzaladığı təslim aktı bizim tam qələbəmizdən xəbər verir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!”.

Nərmin Hüseynzadə
YAP Zəngilan rayon Gənclər Birliyinin sədri

Teqlər: