Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Xəzər regionu ABŞ-ın milli maraqları baxımından önəmli yer tutur və regionda ABŞ milli maraqlarının möhkəmləndirilməsi üçün Azərbaycanla əlaqələrin dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova ABŞ Konqresinin üzvləri ilə Milli Məclisin deputatları arasında videogörüşdə deyib.

Deputat bildirib ki, ötən 30 il ərzində Azərbaycan və ABŞ ümumi maraqlara və dəyərlərə əsaslanan strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirib:

“Bu tərəfdaşlıq xüsusilə də enerji təhlükəsizliyi, antiterrorizm, iqtisadi və ticari əməkdaşlıq sahəsində uğurla inkişaf etdirilib. Həmçinin siyasi və humanitar sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli mühit mövcud olub”.

Deputat vurğulayıb ki, çoxşaxəli iqtisadiyyatı ilə Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir:

“Azərbaycan bu əraziləri sülh və əminamanlıq adasına çevirmək əzmindədir. Cənab Prezident İlham Əliyev bəyan etdiyi kimi, dost ölkələrin bərpa işlərində iştirak etmək istəkləri rəğbətlə qarşılanır. Bu nöqteyi-nəzərdən ABŞ şirkətləri də bu prosesə öz töhfələrini verə bilərlər”.

Deputat həmçinin ABŞ-la Azərbaycan arasında sülhməramlı əməliyyatlarla bağlı əməkdaşlıqdan danışıb. O qeyd edib ki, Azərbaycan Əfqanıstan və İraqda sülhməramlı missiyaya dəstək vermək məqsədilə öz sülhməramlılarını göndərib, eyni zamanda hava dəhlizini açıb və təcrübə mübadiləsi aparıb.

S.Mikayılova əlavə edib ki, ABŞ neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda fəal investorlar qismində çıxış edirlər və ABŞ-ın dəstəyi ilə Şərq-Qərb neft və qaz nəqliyyat dəhlizi layihələri kənar təzyiqərə baxmayaraq, Azərbaycan tərəfindən uğurla həyata keçirildi: “Azərbaycandan Avropaya qədər uzanan 35 milyard dollar dəyərindəki bu yeni kəmər bu siyasətdə yeni bir mərhələdir”.

Deputat vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən 257 şirkəti ilə ABŞ-ın Azərbaycana investisiyası 14 milyard dollara çatır. İki ölkə arasında ticarət dövriyyəsi 20 milyard dollardan artıqdır ki, bu da yüksək götəricidir və hər il artmaqda davam edir.

S.Mikayılova həmçinin çıxışında bildirib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin, o cümlədən yəhudilərin, xristianların, müsəlmanların birgə mövcudluğu üçün unikal modelə malikdir, bir sözlə dini tolerantlıq Azərbaycanda bir həyat tərzidir.

Deputat əlavə edib ki, Azərbaycan esktremizm və terrorizmə qarşı qlobal mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın etibarlı tərəfdaşı olaraq qalır: “Biz deyə bilərik ki, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş iki ölkə arasında əməkdaşlığa yeganə maneədir. Ümid edirik ki, Co Baydenin rəhbərlik etdiyi ABŞ administrasiyası nəhayət ki bu düzəlişin aradan qaldırılması təşəbbüsü ilə çıxış edəcək”.

Teqlər: