AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq

Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq. Şirkət, həssas kateqoriyadan riyazi bilikləri ilə seçilən 4-9-cu sinif şagirdlərinin may ayında keçiriləcək “PolyUp” yaz müsabiqəsində iştirak ödənişlərini qarşılayacaq. Qeyd edək ki, hər il keçirilən bu beynəlxalq yarışma bu dəfə 4-9 sinif şagirdləri arasında baş tutacaq və 7 həftə ərzində iştirakçılar riyazi tapşırıqlardan ibarət olan “Poly maşınları” hazırlayıb və onları həll edib “Poly xalları” qazanacaqlar. Bu il keçirilən müsabiqəsinin özəlliyi də, iştirakçıların yaradacaq 3D maşınlarda “Ağıllı şəhər” və “Ağıllı kənd” konseptinin tətbiqidir. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı az.polychallenge.org saytından əldə etmək olar.

Xatırladaq ki, AzEduNet şirkəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi həyata keçirilən “Müalicə alan uşaqların distant təhsili layihəsi” çərçivəsində müalicə alan uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olub. Layihə çərçivəsində “AzEduNet” şirkəti Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə birgə bu uşaqları müvafiq İKT avadanlıqları, internetə və Azərbaycan Təhsil Şəbəkəsinə çıxış ilə təmin edib.

Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Teqlər: