AZANS yüksək beynəlxalq tələblərə sadiq olduğunu bir daha təsdiqləyib

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verdiyini uğurla təsdiq edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AzerTimes-ə verilən məlumata görə, AZANS ISO 9001: 2008 (keyfiyyətin idarə edilməsi sistemi) beynəlxalq standartına uyğunluğunu təsdiqləyərək yenidən sertifikatlaşdırma üzrə auditdən keçib.

ICAO tələblərinə uyğun olaraq həyata keçirilən audit sınaq, təftiş və sertifikatlaşdırma sahəsində beynəlxalq səviyyədə tanınmış və müstəqil ekspert – Almaniyanın “DQS” şirkəti tərəfindən aparılmışdır. Həmin audit şirkəti Avropada aviaşirkətlərə xidmət göstərilməsi üzrə liderlərdən biri hesab edilən Almaniyanın “DFS” aeronaviqasiya təchizatçısının sertifikatlaşdırma orqanıdır.

Audit AZANS HHİ-də keyfiyyətin idarə edilməsi sisteminin işini, əvvəlki yenidən sertifikatlaşdırma dövründə olduğu kimi, bir daha yüksək qiymətləndirmişdir.


Qeyd etməliyik ki, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün əsas imkanlardan biri IATA ilə birlikdə Azərbaycanın hava məkanında üç səviyyəli uçuşların təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi olmuşdur.

COVID-19 pandemiyası səbəbindən aviasiya sənayesində baş verən böhrana baxmayaraq, “Azəraeronaviqasiya” HHİ mülki aviasiya uçuşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün böyük səylər göstərmişdir. AZANS, həmçinin Azərbaycanın hava məkanının istifadəçiləri üçün aeronaviqasiya xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam etmişdir.

Teqlər: