Avtovağzalın talehi həll olunur

Avtovağzalın talehi həll olunur

Bakı Beynəlxalq Avtovağzalı Azərbaycan Prezidentinin İşlər idarəsinə tabe edilib. Bu barədə Beynəlxalq Avtovağzaldan məlumat verilib. Məlumata görə, avtovağzal bu günə qədər ona nəzarəti həyata keçirən keçmiş Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən alınaraq Prezident Administrasiyasının tabeliyinə verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən İstiPress-ə bildirildi ki, Bakı Beynəlxaq Avtovağzalı heç bir zaman Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb. NRYTN-nın da strukturuna və tabeli qurumları sırasına daxil edilməyib.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsindən azad edildikdən sonra, prezident İlham Əliyevin 13 fevral tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib.

Məlumat üçün bildirək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir;
– avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür;
– beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir;
– avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir;
– avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür;
– qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.