Avqustun 10-dan sərt karantin rejimi yumşaldılır

Avqustun 10-dan sərt karantin rejimi yumşaldılır

Avqustun 10-dan sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Bu barədə Nazirlər Kabineti qərar verib.

Qərarda deyilir ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqust saat 00.00-dan etibarən aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi, qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti, maşın və avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, sair nəqliyyat vasitələrinin istehsalı, poliqrafiya məhsullarının istehsalı, zərgərlik məmulatlarının istehsalı, musiqi alətləri, idman mallarının istehsalı, geyim istehsalı, toxuculuq sənayesi, ayaqqabıların istehsalı, dəri və dəri məmulatlarının istehsalı, tütün məmulatlarının istehsalı, sair sənaye məhsullarının istehsalı.

Bundan başqa bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 30 və 50 faizlik məhdudiyyətlər ləğv edilir:

Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri, tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri, onlayn satışlar, kimyəvi təmizləmə, mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, heyvan sığınacaqları, tərcümə xidmətləri.

Bundan əlavə, sərt karantin tətbiq edilən ərazilərdə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirildiyi açıqlanıb.

Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;
Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;
Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.