“AstraZeneca” peyvəndi ilə bağlı araşdırmada irəliləyiş var – EMA

Avropa Dərman Agentliyinin (EMA) profil komitəsi “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndlə vaksinasiyadan sonra qan laxtalanması faktlarının ətraflı qiymətləndirilməsində irəliləyiş əldə edib.

AzerTimes-ın məlumatına görə, bu barədə EMA-nın bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Farmakonəzarət risklərinin dəyərləndirilməsi üzrə Komitə irəliləyiş əldə edib. Araşdırmanın davam etməsinə baxmayaraq, EMA hazırda “AstraZeneca” peyvəndinin COVID-19-un qarşısının alınmasında faydalarının potensial yan təsirlərin risklərindən üstün olduğu qənaətindədir.

Qiymətləndirmə zamanı Komitə peyvənddən sonra qeydə alınan bütün tromboembolik fəsadlar üzrə bütün mövcud məlumatları nəzərdən keçirir. Milli tənzimləyicilər çatışmayan və natamam məlumatların toplanılması üçün əlavə dəstək göstərirlər”.

Qeyd edilir ki, Farmakonəzarət risklərinin dəyərləndirilməsi üzrə Komitə işini martın 18-i keçiriləcək iclasda bitirməyi planlaşdırır. Əldə ediləcək nəticələrə əsasən mütəxəssislər gələcək tədbirlər üçün bütün lazımi tövsiyələri verməyi planlaşdırırlar.