ASAN xidmətə yeni səlahiyyət

ASAN xidmətə yeni səlahiyyət

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyatlarına və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” genişləndirilib.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən monitorinqi aparılacaq.

Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.

İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aşağıdakı tədbirlər görüləcək:

1.1. tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra – tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq;

1.2. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş reyestrlə inteqrasiya ediləcək;

1.3. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq;

1.4. qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.