AQTA sədri Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb (FOTO)

Martın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, AQTA ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı görülən işlərdən danışıb. Q.Təhməzli qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində həyata keçirilən birgə tədbirlərin əməkdaşlığa yeni töhfələr verəcəyinə əmin olduğunu ifadə edib.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli isə qeyd edib ki, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Ona görə də qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini, həmçinin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə baytarlıq və fitosanitar sertifikatların qarşılıqlı tanınması, xəstəliklərdən azad zonanın yaradılması, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyə Respublikasının müxtəlif elmi-tədqiqat mərkəzlərinin əməkdaşlıq imkanları, həmçinin bitki və heyvan sağlamlığı sahələrində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi ilə bağlı birgə təlimlərin təşkili və digər məsələlər müzakirə olunub.

Daha sonra iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcəkdə imzalanması nəzərdə tutulan sazişlərin layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Teqlər: