Aqroparkların yaradılması ölkəmizin idxaldan asılılığını xeyli azaldır – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda aqroparkların yaradılması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı ərzaq məhsullarının idxaldan asılılığını xeyli azaldır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, Prezident İlham Əliyevin aprelin 20-də Hacıqabula səfəri zamanı yeni aqroparkın açılşında iştirak etməsi olduqca mühüm hadisədir və kənd təsərrüfatı sahəsində aparılan islahatların mühüm tərkib hissəsidir.

Deputat vurğulayıb ki, Azərbaycanda aqroparkların yaradılması ölkəmizə böyük üstünlüklər gətirir: “Aqroparkların regionlarda təşkili xüsusi əhəmiyyətə malikdir. Bu gün paytaxtla bərabər regionlarımızda da böyük inkişaf prosesləri gedir. Aqroparkların yaradılması təkcə kənd təsərrüfatının inkişafı deyil, eyni zamanda Azərbaycanın ərzaq baxımından digər ölkələrdən asılılığının azalmasına gətirib çıxarır. Sözsüz ki bu gün bır sıra ərzaq məhsulları xaricdən idxal olunur. Əlbəttə ki, aqroparkların sayı artdıqca ölkəmizin idxaldan asılılığı da aradan qalxacaq.

Aqroparkların yaradılması eyni zamanda regionlarda əhalinin məşğulluğunun təmin edilməsinə və sosial rifahının yaxışaşdırılmasına xidmət edir. Eyni zamanda aqroparkların yaradılması rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edəcək, kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük həcmdə artacaq. Bununla da ölkə qarşısında duran əsas vəzifələrdən biri – ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq. Həmin aqroparkların bir üstünlüyü də ondan ibarətdir ki, onlarda ən müasir texnologiyalar tətbiq olunur”.

Deputat bildirib ki, aqroparkların sayı artdıqca regionlarda kənd təsərrüfatı ilə məşğul olan insanların kənd təsərrüfatı texnikası, suvarma, gübrələr və digər məsələlərlə bağlı problemləri də aradan qalxacaq: “Aqroparklar kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara stabil və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək. Lakin burada bir məsələyə də toxunmaq istərdim. Bəzən regionlarda məmurlar kənd təsərrüfatı ilə məşğul olan insanların işinə müdaxilələr edirlər. Hesab edirəm ki, bu cür müdaxilələrə yol verilməməlidir, çünki bu cür hərəkətlər fermerlərə əngəllər törədir.

Düşünürəm ki, ölkəmizdə yaradılması nəzərdə tutulan 51 aqroparkın hamısı tam istifadəyə verildikdən sonra kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artacaq ki, bu da həm idxal əvəzləyici, həm də ixrac yönümlü olmaqla ümumi daxili məhsulun artımına müsbət təsir göstərəcək”.

Teqlər: